Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına döyüşən baş leytenant Məmiyev Valeh İsbat oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.

23 oktyabr 2021 | 16:00

Oktyabrın 23-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidimiz Məmiyev Valeh İsbat oğlunun il mərasimi keçirildi. Mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri iştirak edib. Şəhidimiz anım günündə məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir. Bizə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpaqlarının geri qaytarılması sevincini bəxş edən Valeh kimi Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onlar əsrlər keçsə də unudulmayacaqlar.
Valeh Məmiyev 27 mart 1994-cü ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. 2015-ci il dekabr ayında leytenant rütbəsi ilə tank tağım komandiri kimi vətənə xidmətə başlamışdır. 2018-ci ildə tank bölük komandiri vəzifəsinə yüksəlmişdir. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubileyi medalı ilə və 2020-ci il Türk- Azərbaycan təlimlərində iştirak etmiş, təlimlərin sonunda Türkiyə Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və 23 oktyabr Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Keçidlər