Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun 2013-cü ilin doqquz ayı ərzində sosial- iqtisadi inkişafının yekunları ilə əlaqədar yığıncaq keçirildi

18 oktyabr 2013 | 15:00

 

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov açaraq bildirdi ki,  oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda dövlətimizin başçısı giriş və yekun nitqləri ilə çıxış edərək ölkə iqtisadiyyatında ilin yekunlarını geniş şərh etmiş, qazanılmış uğurlar və ölkənin perspektivləri barədə ətraflı məlumat vermişdir.
  2013-cü ilin doqquz ayı ərzində rayonda  tikinti-abadlıq-quruculuq işləri və eyni zamanda digər infrastruktur layihələri daha da sürətlə həyata keçirilmişdir. Şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami, Fizuli, Məharət Mirzəyev, Vəli Məmmədov küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, Masallı-Yardımlı avtomobil yolunun Sırıq kəndindən keçən hissəsində 1 km məsafədə, Çayüzü kəndinin mərkəzində 500 metr məsafədə küçə işıqlarının quraşdırılması həyata keçirilmişdir.
2013-cü ilin ötən dövrü Yardımlı rayonu üçün bir daha onunla əlamətdar oldu ki, 4 sentyabrda Ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyev rayonumuza tarixi səfər etdi. Səfər zamanı YAP Yardımlı rayon təşkilatının inzibati binası,  Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz və Park, Gənclər Parkı, Yardımlı-Deman-Arvana avtomobil yolu məhz Möhtərəm prezidentimizin xeyir-duası ilə istifadəyə verildi. Gənclər parkında rayon ictimayyəti ilə görüş zamanı cənab Prezident görülmüş işləri yüksək qiymətləndirmiş və yaxın gələcəkdə rayonda yeni infrastruktur layihələrinn həyata keçəcəyini bildirmişdir. Bunları nəzərə alan cənab Prezident 10 sentyabr 2013-cü ildə on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd–Abbasabad avtomobil yolunun tikintisi üçün 2,0 (iki) milyon manat, həmin tarixlə Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsaitin ayrılması barədə sərəncam vermişdir. Rayonumuzun əhalisi bütün bunları Möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirmişlər.
Bu müddətdə Rayon Statistika idarəsinin inşa olunmuş inzibati binası istifadəyə verilmiş, mədəniyyət və istirahət parkındakı fəvvarə müasir zövqə uyğun olaraq yenidən qurulmuş və ətrafında yaşıllaşdırma işləri aparılmışdır. “Şəhidlər xiyabanı” abidə kompleksi əsaslı təmir olunmuş, rayon Polis şöbəsi üçün yeni inşa olunan inzibati binada tikinti işləri sürətlə icra olunur. 
Nəzərinizə çatdırım ki, rayonumuzun sürətli inkişafı bir sıra sahələrlə yanaşı, sənayenin inkişafı üçün münbit şərait yaratmışdır. Rayonda istər şəxsi təsərrüfatlarda, istərsə də bələdiyyə mülkiyyətlərində olan meyvə bağları sahələrində yetişdirilmiş məhsulu satmaq üçün emal müəssisəsi olmadığından rayon əhalisi çətinlik qarşısında qalırdı. Əhali ilə görüşlərdə qaldırılmış bu məsələnin həlli ilə əlaqədar aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılaraq həllinə nail olunmuşdur. Hazırda, rayonda mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə sexi” tikilmiş və müəssisədə avadanlıqların quraşdırılması həyata keçirilir. Müəssisənin istifadəyə verilməsi əhalinin məşğulluğunu artıracaq, yeni iş yerlərinin yaradılması istiqamətində əhəmiyyətli rol oynayacaqdır.  
Rayonda idmanın kompleks inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları müasir “İdman kompleksi”nin tikintisi üçün sərəncam vermiş və artıq tikintiyə başlanılmışdır. Bundan əlavə, rayonda  cüdo və güləş “idman zalının”  tikintisi üçün torpaq sahəsi ayrılmış və zəruri sənədlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göndərilmişdir. 
Yardımlı şəhərinin və eləcə də digər yaşayış məntəqələrinin 24 saat içməli su ilə təmin olunması daim rayon rəhbərliyinin diqqətində saxlanılmışdır. Artıq bu istiqamətdə Yardımlı şəhərinə su və kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazıra kimi, 23 km su və 10 km kanalizasiya xətti çəkilmişdir. Yəni su çəkilişi üzrə ümumi işin 38%-i, kanalizasiya çəkilişi üzrə işin 18%-i icra olunmuşdur. Su çəkilişi başa çatdırıldıqdan sonra  Yardımlı şəhər sakinləri 24 saat işməli su verilişi ilə təmin olunacaqdır. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmışdır. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının  təmini məqsədilə Viləş çayının Qaraqaya qolundan, “Sineyir” adlanan ərazidən  həmin kəndlərə içməli su çəkilişi məsələsi “Azərsu” ASC qarşısında qaldırılmış və müsbət nəticə əldə olunmuş, layihələndirmə işləri aparılmış və tikintiyə başlanılmışdır. Su mənbəyindən 8 km  məsafəyə artıq su xətti çəkilmiş və 100 tonluq anbar inşa olunmuşdur. İşlər hazırda sürətlə davam etdirilir. Rayonun Odrağaran kəndində qazılmış subartezian quyunun suyu həmin kəndin 35 abonentinin xidmətindədir. 
   Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə  rayon elektrik şəbəkəsi Yeni\Yardımlı, Ərus və Sığnə  yarımstansiyalarında və onlardan  qidalanan xətlərdə təmir işləri aparılmışdır. Ötən dövrdə rayon ərazisində sıradan çıxmış  14 ədəd transformator yenisi ilə əvəz olunmuşdur. Şəbəkədə yaradılmış növbətçilik əsasında xətlərdə baş vermiş qəzalar vaxtında aradan qaldırılmışdır. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində görülmüş işlərin nəticəsidir ki,  bu gün bütün kənd yaşayış məntəqələrimizə elektrik enerjisinin verilməsi 24 saata çatdırılmışdır.  Elektrik Şəbəkəsi üzrə  ötən müddətdə  istehlakçılara verilmiş  11 milyon 633 min 563 kvt\saat elektrik enerjisinin müqabilində   537  min 818 manat vəsait toplanmış və plan 76 % yerinə yetirilmişdir.
2013-cü ilin ötən dövründə qazlaşma prosesi də sürətlə icra olunmuşdur. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə, 149 abonenti olan Qabaqdibi, 97 abonenti olan şəhərin Ünəç küçəsinə təbii qaz verildi ki, bununla da təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1835, qeyri əhali sektoru üzrə 14-ə çatdırıldı.  Abonentlərinin sayı, ümumilkdə. 229 olan şəhərin Daşkənd küçəsinə və  Mişkireyn kənd yaşayış məntəqələrinə qaz çəkilişi davam etdirilir. Hazırda rayonun 8 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Hesabat  dövründə plan 100,2% yerinə yetirilmişdir.
Rayonda yolların təmiri, yeni yolların və avtomobil körpülərinin tikintisi daim rayon rəhbərinin nəzarətində saxlanılmış və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülmüşdür. Daxili imkanlar və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin köməkliyi hesabına uzunluğu 3 km olan Ostayir avtomobil yolu, tamamilə torpaq örtüklü və uzunluğu 1 km olan Əfçədulan və uzunluğu 2 km olan Hamarkənd-Abasabad avtomobil yolu, uzunluğu 1,5 km oan Dəlləkli yolu, şəhərin Məharət Mirzəyev küçəsində 0,8 km hissədə avtomobil yolu, Horavar kənd mərkəzi yol ilə məktəb arasındakı 0,4 km yol, Alçabulaq kənd yolunun 1 km hissəsi çınqıl örtüklə təmir olunmuş, Çayüzü kəndində mərkəzi yolun 1,2 kilometr hissəsi asfalt örtüklə təmir edilmişdir. Bozayran-Bürzümbül kəndləri arasında mövcud suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam bərpa edilmiş  və əhalinin rahat gəliş-gedişi təmin olunmuşdur. Rayonumuzun Allar kəndi və Lerik rayonunun Bülüdül kəndi arasındakı 3 km məsafədə və Şovut-Telavar-Gölyeri-Bərcan-Şıxlar kəndlərini birləşdirən, uzunluğu 15 km olan  avtomobil yolu ağır texnika ilə genişləndirilərək təmir olunmuşdur. Ümumilikdə, rayonda bir il altı ay ərzində 60 km avtomobil yolu çınqıl örtüklə, 73 km avtomobil yolu genişləndirilərək təmir olunmuşdur.
Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yük götürmə qabiliyyəti  30 ton olan Horavar körpüsü inşa olunaraq əhalinin istifadəsinə verilmişdir. Hansı ki, bu körpü  7 yayayış məntəqəsi üzrə 6000-ə yaxın əhalinin istifadəsindədir. Bu körpünün xidmətindən qonşu Lerik rayonunun da bir çox kəndinin sakinləri istifadə edirlər. Əlavə olaraq rayon icra hakimiyyəti və Urakəran bələdiyyəsinin birgə köməkliyi ilə əhalisinin sayı 6000 nəfər olan və 7 yaşayış məntəqəsini birləşdirən Urakəran kəndində Viləş çayı üzərində eni 6 metr,  uzunluğu 12 metr olan körpü tikilərək istifadəyə verilmişdir. Kəndin digər körpüsü təmir olunmuşdur. Teşkan kəndində də yük həcmi kiçik olan avtomobillər üçün körpü istifadəyə verilmişdir.
Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində 100 metrə yaxın yolun uçmuş hissəsi,  Yardımlı-Deman avtomobil yolunun birinci kilometrliyində yolun uçmuş hissəsi və sıradan çıxmış suötürücü qurğu daxili imkanlar hesabına tez bir zamanda bərpa olunmuşdur.
          Ötən müddətdə rayon telekommunikasiya Qovşağı 175 min 500 manata  qarşı 177 min 172 manat vəsait əldə etmiş və plan 101% icra edilmişdir. Kənd  EATS-lərin sayı artırılaraq 19-dan 21-ə, telefon abunəçilərinin sayı 4245-ə çatdırılmışdır.
Rayon Poçt Filialında 2013-cü ilin 9 ayında tarif gəliri proqnozu 52 min 270 manata qarşı 52 min 409 manat icra olunmuş və plan 102% yerinə yetirmişdir. 
       2013-cü ilin doqquz ayı ərzində rayon üzrə 59 milyon 758 min manatlıq  ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % çoxdur.  Adambaşına düşən məhsul istehsalı  2003-cü illə müqayisədə  10,4 dəfə artaraq  962  manat olmuşdur.  Bu müddətdə  445 min 500 manatlıq sənaye, 17 milyon 300 min  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə  32 milyon 683 min  manatlıq ticarət, 870  min  manatlıq nəqliyyat, 195 min 500 manatlıq rabitə xidməti göstərilmiş, 8 milyon 263 min manatlıq tikinti işləri həyata keçirilmişdir.
Rayonun 2013-ci ildə büdcəsi 13 milyon 82 min  manat müəyyən edilmişdir ki, bu da 2003-cü illə müqayisədə  5  dəfə artıqdır. Büdcəsinin   xərcləri 9 milyon 693 min manata qarşı, 8 milyon 872 min manat icra olunmuşdur ki, bu da proqnozun 93,6% yerinə yetirilməsi deməkdir. Bu müddət ərzində rayon üzrə orta aylıq əmək haqqı 269 manat olmuşdur. Rayon üzrə  bu müddətdə əsas kapitala yönəldilən investisiyaların  həcmi 14 milyon 981 min  manat təşkil etmişdir ki, bu da 2003-cü illə müqayisədə 60,4 dəfə artıqdır.
        Ötən müddətdə rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmiş, onların fəaliyyəti  üçün bütün lazımi şərait yaradılmışdır.  2013-cü ilin doqquz ayı ərzində  157  fiziki və 92 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da rayon üzrə sahibkarlar subyektinin sayı 1545 olmuşdur.  Bu dövrdə  rayonda sahibkarlıq subyektləri tərəfindən  59  milyon 965 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da istehsal olunmuş ümumi məhsulun 97 faizini təşkil edir. Sahibkarlığın inkişafına süni maneələrin, onların fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması və belə müdaxilələrə yol verilməməsi hər zaman rayon icra hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdən olmuşdur.
Məhz bu qayğının nəticəsidir ki, şəhər və kəndlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artmışdır.  
Qeyd edim ki, rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, heyvandarlıq və əkinçilik rayon əhalisinin gəlir mənbəyi hesab olunur. Kənd təsərrüfatının inkişafı məqsədilə rayon icra hakimiyyəti aidiyyati təşkilatlarla birgə əhali arasında marifləndirmə işləri aparır. Məhz bunun nəticəsidir ki, kənd təsərrüftının  inkişafı artımla müşayiət olunmuşdur.
           Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuş, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlara keçirilmişdir. 2013-cü ilin doqquz ayı ərzində rayon icra hakimiyyəti tərəfindən təxminən 1300 nəfər Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə 46 min 300 manatlıq ərzaq yardımı, bu qəbildən olan insanlara 11 min manatdan çox pul yardımı göstərilmişdir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara 12 tona yaxın  sement,  14 min ədəd mişar daşı və digər tikinti materialları verilmişdir. Qeyd edim ki, bu qəbilədən olan insanlar daim rayon icra hakimiyəti və aidiyyati təşkilatların diqqətindədir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi aztəminatlı ailələrə Ünvanlı Dövlət Sosial yardımın ödənilməsi üçün ərazilər üzrə müayinələr keçirilmiş, 9 ay ərzində 575 ailənin 3 min 162 nəfər üzvünə 934 min 341 manat məbləğində Ünvanlı Sosial Yardım ödənilmişdir. Bu da hər bir ailə üzvünə 20 manat vəsait deməkdir. Məlumat üçün bildirim ki, ünvanlı sosial yardım təyin olunanlar ümumilkdə,  rayon əhalisinin   5%-ni təşkil edir.
Dövlət Müdafiə Fondu rayon şöbəsi tərəfindən ötən müddət ərzində proqnoz tapşırıqlara vaxtında  əməl olunmuş və proqnoz tapşırıq  96,9  %  təşkil etmişdir.
      “Kapital Bank” ASC-nin Yardımlı rayon filialında  9 ay ərzində gəlir proqnozunu   157% icra etmişdir.  Filialda 9 ay ərzində kredit götürənlərin sayı 1052 nəfər olmuş, kreditin verilməsində prosedurların sadələşdirilməsi  son üç ayda  müştərilər tərəfindən 1 milyon 204 min  manat kredit götürülməsinə şərait yaratmışdır.
        2003-2013-cü ilin doqquz ayı  ərzində yeni müəssisələrin yaradılması hesabına rayon üzrə 4092 yeni iş yerləri açılmışdır ki, onlardan da 2935-i daimi iş yerləridir. 2013-cü ilin doqquz ayında  249 yeni iş yeri yaradılmışdır.
        01 oktyabr 2013-cü il tarixə Yardımlı rayonunun ümumi əhalisinin sayı,  62 min 140 nəfərdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 613 nəfər artım deməkdir.
Ötən müddətdə  rayon  üçün  ənənəvi  hal  alan  məktəb  və bağça tikintisi  sürətlə  davam  etdirilmişdir. Belə ki, 2009-cu ildə 2, 2010-cu ildə 4, 2011-ci ildə 4, 2012-ci ildə 4, 2013-cü ildə 2 məktəb binası tikilərək və  55 yerlik 1 uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.  Hazırda,  220 yerlik Ostayir, 360 şagird yerlik Zevin, 180 şagird yerlik Anzov, 80 şagird yerlik Zenqaran,  Solqard və  Fındıqlı Qışlaq məktəblərində və 55 yerlik Yolocaq uşaq bağçasında tikinti işləri davam etdirilir.  Tikilən  məktəblərdə müasir tədris metodlarının tətbiqi üçün  bütün şərtlər nəzərə alınır, idman zalları inşa olunur.
Bununla da 2009-2013-ci ilin müvafiq dövrünə kimi yeni inşa edilərək istifadəyə verilən məktəblərin sayı 16-ya  çatmışdır. Bundan əlavə olaraq Qaraqaya, Çayüzü, Urakəran və Şəhər 3 saylı məktəblərin tikintisi üçün müvafiq sənədləşmə işləri aparılmış və yaxın vaxtlarda tikintisinə başlanılacaqdır.
Ali təhsil müəssisələrinə qəbul istiqamətində 2013-cü il rayon təhsil şöbəsi üçün uğurlu il olmuşdur. Belə ki, bu ilki tədris ilində  108 nəfər məzun ali məktəblərinə qəbul olmuşdur. Onlardan 16 nəfəri qızlardır ki, bu da ötən illə  müqayisədə 4 nəfər çoxdur. Ali təhsil müəssisələrinə qəbul zamanı 5 nəfər 600-dən yuxarı, 10 nəfər isə 500-dən yuxarı bal toplamışlar.
      Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində də bir sıra işlər görülmüşdür.   
9 ay ərzində 752 xəstə stasionar müalicə olunmuş, 54 nəfər xəstə cərrahi əməliyyat edilmişdir. Cərrahi əməliyyatlardan sonra ölüm hadisəsi qeydə  alınmamışdır. Ötən müddət ərzində ana ölümü qeydə alınmamış, 0-1 yaşlı uşaqlar arasında 3 ölüm hadisəsi qeydə alınmışdır. Bu müddət ərzində 700 doğum, 255 ölüm qeydə alınmışdır. Uşaqlar arasında peyvənd işi 96,2 % təşkil etmişdir.
         Mədəniyyət və Turizm şöbəsi illik iş planına və hazırlanmış tədbirlər planına uyğun olaraq müəssisələrin fəaliyyətinə nəzarəti  artırmış, əmək və icra intizamının, keçirilən yerli və respublika əhəmiyyətli tədbirlərin səmərəliliyinə daha cox diqqət yetirmişdir. Ötən dövrdə rayon mərkəzi və müxtəlif kəndlərdə tədbirlər təşkil olunmuş, konsert proqramları, sərgilər, müzakirələr təşkil olunaraq keçirilmişdir.
   Gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunması, bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, gənclər siyasəti üzrə 47, idman sahəsində 23 tədbir keçirilmişdir. Respublika miqyaslı idman yarışlarında rayonumuzdan 130 nəfər iştirak etmiş və bu tədbirlərdə 3 qızıl və 2 bürünc medal qazanılmışdır.
         9 ay ərzində Hərbi xidmətə çağırış da uğurla icra olunmuşdur. Belə ki, 319 çağırışçıdan 319 nəfəri ordu sıralarına yola salınmışdır.
       2013-cü ilin 9 ayı ərzində rayon ərazisində  19 cinayət hadisəsi qeydə  alınmış, аçılma  74,1 % təşkil etmişdir. Baş vermiş cinayətlərin təhlili göstərir ki, 2012-ci ilin müvafiq dövründə 47 cinayət hadisəsi qeydə alınmış, 6 cinayət hadisəsi bağlı qalmaqla  açılma 87% təşkil etmişdir.  2012-ci ilə nisbətdə  2013-cü ilin müvafiq dövründə  cinayətlərdə 28 fakt və ya 40,4%  azalma   qeydə alınmışdır.   Hesabat dövründə inzibati ərazidə  qəsdən adam öldürmə, banditizm, adamları girov götürmə, adam oğurluğu kimi xüsusilə ağır cinayət hadisələri qeydə alınmamışdır.
Bu müddətdə korrupsiya və rüşvətxorluqla bağlı rayonun inzibati orqanlarında heç bir cinayət hadisəsi qeydə alınmamışdır.
        2013-cü ilin doqquz ayı ərzində ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq hər bir vətəndaşın probleminə diqqətlə yanaşılmış, ilk növbədə, müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi  tədbirlər həyata  keçirilmişdir. Belə ki, vətəndaşların qəbulu qrafikinə uyğun olaraq müraciət edən hər bir vətəndaş RİH-də qəbul olunmuş, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilmiş, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilmişdir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılmışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 404 nəfər, səyyar qəbullar zamanı 103 nəfər qəbul edilmiş, qaldırılan məsələlərdən 56-sı müsbət həll olunmuş, 11-nə müvafiq izahat verilmiş, 2-sı əsassız sayılmış, 34-ü isə icradadır. Icrada olan müraciətlər nəzarətdədir və ilin sonunadək təmin olunacaqdır.
Məruzə ətrafında rayon Maliyyə idarəsinin rəisi Malik Abişov , DSMF Yardımlı rayon şöbəsinin müdiri Adil Mahmudov, rayon Təhsil şöbəsinin müdiri Manaf Balaşov, rayon Mədəniyyət və Turizm şöbəsinin  müdiri Ayaz Əliyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.

Keçidlər