Yardımlıda bələdiyyələrlə bağlı maarifləndirici tədbir keçirilmişdir
07 fevral 2014 | 16:00
Rayonun yerli icra strukturlarının, bələdiyyələrin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə Lənkəran regional ədliyyə şöbəsinin baş məsləhətçisi Çingiz Cavadovun bələdiyyə torpaqlarının idarə olunması və insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu mövzusunda məruzəsi dinlənilmişdir.
Bələdiyyə torpaqlarının əsas prinsipləri, torpaq münasibətlərinin tənzimlənməsində bələdiyyələrin səlahiyyətləri, torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri, satışa çıxarılan torpaq sahələrinin qiyməti barədə ətraflı məlumat verən məruzəçi torpaq haqqının bələdiyyələr tərəfindən müəyyən edilməsi, torpaqla əlaqədar əqdlərin rəsmiləşdirilməsi və bələdiyyə torpaqlarının mühafizəsi ilə bağlı qanunvericiliyinin tələblərini diqqətə çatdırmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.