Yardımlı Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı oldu
Aprelin 28-də Yardımlı Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib. İnşasına 2012-ci ilin martında başlanan 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 1667, müvəqqəti saxlama yeri və digər yardımçı tikililərlə bərabər isə 2267 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib. Yeni tikilidə 42 xidməti otaq, 90 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər.