Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Dövlət-din münasibətləri ilə bağlı tədbir keçirildi

03 iyul 2014 | 15:00

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzmüş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
      Nizami adına kulubda  Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov,  rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, din xadimləri və ziyalıların, ağsaqqalların iştirakı ilə  dövlət-din münasibətləri ilə bağlı geniş tədbir keçirilmişdir.
     Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətin başçısı Sevindik Hətəmov açdı və  rayondakı mövcud dini durum barədə məlumat verdi.    Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev geniş çıxış etdi. Bildirdi ki, gündən-günə inkişaf edən Azərbaycanda ideoloji siyasəti gücləndirmək məqsədi ilə cənab Prezidentin Sərəncamı ilə yeni qurum – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti yaradılmışdır. Xidmətin əsas vəzifəsi dünyəvi təhsillə dini təhsil arasında, məscidlə tarixi abidələr arasında əlaqələr yaratmaq, həm dini, həm mədəni, həm də milli məsələlərdə etnik qruplar, azsaylı xalqlarla birlikdə çalışmaqla dövlətin mənafeyini qorumaqdır.
    Multikulturalizm, tolerantlıq sadə dillə desək, elə insanlıq deməkdir. Azərbaycanda əsrlər boyu həm müxtəlif dinlər, həmdə müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşamışlar. Məhz buna görə də cənab Prezidentin sözləri ilə ifadə etsək multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzidir. Məhz bu tolerantlığın birgə yaşayışın və ölkə başçısının bu sahədə həyata keçirdiyi düzgün siyasi kursun nəticəsidir ki, Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunə göstərilir, millətlərin mədəniyyətlərarası və dinlərarası münasibətlərinə həsr olunmuş Beynəlxalq Forumlar Azərbaycanda keçirilir.
    Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalmışdır və bu prinsiplər cənab Prezident tərəfindən uğurla davam etdirilir.Sonra natiq son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirdi, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələri qeyd etdi, tapşırıq və tövsiyələrini verdi.
      Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.
Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov şəhər  məscidində dindarlarla görüşərək söhbət aparmışlar. Səmimi dialoq şəraitində keçirilən görüşdə müxtəlif təkliflər irəli sürülmüşdür.

Keçidlər