Şriftin ölçüsü :

Saytın rəngi :

Regional tədbirdə qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edildi.

07 avqust 2014 | 15:00

 

Avqustun 7-də Yardımlı Rayon Mədəniyyət Evində keçirilən regional tədbirdə qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edildi.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yardımlı şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla andılar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə keçirdiyi tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını təmsil edən fəal qadınlar iştirak edirdilər.
Tədbirin məqsədi bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların elektoral fəallığının artırılması, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılmaları, dövlət qadın siyasətinin əsas istiqamətlərindən biri - qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin artırılması və gender bərabərliyinin təmin edilməsidir.
Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bildirdi ki, partiyanın rayon təşkilatının 3139 üzvündən 424 nəfəri qadınlardır. 2009-cu ildə ölkəmizdə keçirilmiş bələdiyyə seçkilərində rayon üzrə 43 nəfər YAP üzvü namizədliyini irəli sürüb və onların hamısı bələdiyyə üzvləri seçilib. Ümumilikdə həmin seçkilərdə rayon üzrə seçilmiş 260 nəfər bələdiyyə üzvlərinin 16,5 faizini qadınlar təşkil edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların qarşısında yeni məqsəd və vəzifələr dururdu. Qadınların problemlərinin həlli zərurəti, onların kişilərlə hüquq bərabərliyinin təmini məqsədilə gender siyasətinin tələblərinin rəhbər tutulması, qadınların dövlət idarəetmə sistemində lazımı səviyyədə təmsil olunması üçün ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi oldu.
Vurğulandı ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ən yeni dövr tariximizdə dövlətimizin hər bir Azərbaycan qadınına yüksək qiymətinin növbəti təzahürü kimi qalacaq.
Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan S.Qəhrəmanova bildirdi ki, məqsədimiz zərif cinsin nümayəndələrinin seçkilərdə fəallıq nümayiş etdirmələri, qadın bələdiyyə üzvlərinin sayının daha da artmasına nail olmaqdır.
Qeyd olundu ki, bələdiyyə seçkilərində qadınların fəallığı nəticəsində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatdırılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin qadınlara örnək olduğunu vurğulayan S.Qəhrəmanova Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin və incəsənətimizin bütün dünyada təbliğində onun xidmətlərinin əvəzsiz olduğunu bildirdi.
Digər çıxış edənlər də qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təkliflərini bildirdilər.

Keçidlər