Yardımlılı şagirdlərin ölkənin qərb bölgəsinə səfəri başlandı
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasının Yardımlı rayonundan olan iştirakçıları Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ölkəmizin Qərb bölgəsinə yola düşdülər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizdə ilk dəfə təşkil olunmuş maarifləndirici tur-aksiyanın iştirakçılarına uğurlu yol, mənalı istirahət arzuladılar.
Qrup rəhbəri, Xocavənd kənd tam orta məktəbinin tarix müəllimi Zamiq Əliyev, Yardımlı şəhər 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Ülvi Kərimli, Qabaqdibi kənd tam orta məktəbinin XI sinif şagirdi Mahir Cümşüdlü və başqaları dörd gün davam edəcək tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.