Tələbə adını qazanmış məzunlarla görüş
02 sentyabr 2014-cü il tarixdə Yardımlı rayon Nizami adına kulubda Yardımlı rayon İcra hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə tələbə adını qazanmış məzunlarla görüş keçirilmişdir.Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını salamlayaraq tələbə adını qazanmış məzunları təbrik etmiş, valideynlərinə və müəllimlərinə xoş arzularını söyləmişdir. Natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açmış və bu qayğının nəticəsinin Yardımlı təhsilindən də yan keçmədiyini vurğulamışdır.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Manaf Balışov bildirmişdir ki, builki buraxılışın məzunlarından 119-u tələbə adını qazanaraq ölkənin nüfuzlu ali məktəblərində oxumaq hüququ qazanıblar. Onlardan 16-ı qız məzunlardır. (2011-ci ildə bu rəqəm 11, 2010-cu ildə 3, 2009-cu ildə 5 olub). Xatırladaq ki, qız məzunlarımızın əldə etdikləri bu nəticə, hələlik rayonun təhsil tarixi üçün rekord sayılır. Ən maraqlısı isə odur ki, qız məzunlarımız yüksək test balı toplamağa da nail ola biliblər. Şəhər 1 nömrəli məktəbin məzunu Gülarə Rzazadə 565 balla Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Digər bir maraqlı cəhət isə qız məzunlar üçün sterotipin qırılmasıdır. Yəni əvvəlki illərdə əgər ali məktəblərə daxil olan qız məzunlar əsasən 2-3 orta məktəbi əhatə edirdisə, indi bu dairə genişlənib. Belə ki, şəhər 1 və 4 saylı orta məktəblərdən 9 qız məzun tələbə bileti alıb. Bundan başqa, Qabaqdibi, Çayüzü, Gavran, Anzov, Vərov və Urağaran kənd orta məktəbinin qız məzunları ali məktəblərə daxil olublar. Bu rəqəmlər onu göstərir ki, qız məzunlarımızın təhsilə marağı artıb və bu yolda köhnə sterotiplərdən yaxa qurtarmaq üçün səylər göstərirlər. 600-də yuxarı test balı toplayan məzunlarımızın sayı da getdikcə artmaqdadır. Əgər 2013-cü ildə cəmi 5 məzunumuz 600-dən yuxarı test balı toplaya bilmişdisə, builki məzunlarımızdan da 5-i həmin nəticəni təkrarlaya bilib. Lakin ayrı formada! 2008-ci ilin rekordunu təkrar etməklə. Oxucuların xatirindədirsə Kürəkçi kənd tam orta məktəbinin məzunu Məmiyev Vüsal İsbat oğlu 2008-ci ildə 695 test balı toplayaraq Prezident təqaüdünə layiq görülmüşdü. Builki qəbulda həmin nəticəni Çaüzü kənd tam orta məktəbin məzunu Əlizadə Elnur Əfqan oğlu göstərə bilib. O, 695 test balı ilə Azərbaycan Diplomatiya Akademiyasının “Biznesin idarə edilməsi” fakültəsinə daxil olub. Dağüzü kənd tam orta məktəbinin məzunu Əlizadə Azər Ərəstun oğlu 671 balla Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsinə, Bərcan kənd tam orta məktəbin yetirməsi Adiyev İsmayıl Balamir oğlu 607 balla Heft Akademiyasına, Urağaran kənd tam orta məktəbin yetirməsi Şərbətov Elnur İlqar oğlu Azərbaycan Dövlət Tibb Universitetinin “Hərbi həkim” fakültəsinə və Hamarkənd kənd tam orta məktəbin yetirməsi Fətullayev Kənan Fazil oğlu 601 balla Bakı Dövlət Universitetinə daxil olublar.
Tədbirin sonunda Yardımlı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən tələbə adını qazanmış məzunlara qiymətli hədiyyələr və pul mükafatları verilmişdir.