Yardımlı rayonunda 2014-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat tədbiri keçirildi.
16 oktyabr 2014-cü il tarixdə Nizami adına kulubda 2014-cü ilin doqquz ayının sosial- iqtisadi inkişafının yekunları ilə əlaqədar müşavirə keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov toplantı iştirakçılarını salamlamış, 2014-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Respublikamızın hər yerində olduğu kimi, Yardımlı rayonunda da ötən il il yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Rayonumuzda 9 ay ərzində bir çox işlər görərülərək uğurlu inkişafa nail olunmuşdur. Tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının çəkilişi və körpülərin inşası, eyni zamanda, məktəb binalarının, bağçaların tikintisi davam etmiş və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilməkdədir.
Nəzərinizə çatdırım ki, Yardımlı rayonun mərkəzi olan Yardımlı şəhərinin abadlaşması istiqamətində bir sıra işlər görülsə də, şəhərin abadlaşmasına tam nail ola bilməmişik. Bildiyiniz kimi, Yardımlı şəhərində su və kanalizasiya xətləri çəkilir, ona görə də şəhərin digər küçələrində abadlıq işləri su və kanalizasiya xətlərinin çəkilişi başa çatdırıldıqdan sonra aparılacaqdır. Şəhərin mövcud 20 küçəsində, ümumi uzunluğu 45 km yolun asfaltlaşdırılması, istinad davarlarının tikintisi, küçə işıqlarının quraşdırılması, küvetlərin və piyada səkilərinin salınması məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılmış və müsbət həll olunmuşdur. Su və kanalizasiya çəkilişini həyata keçirən şirkət tərəfindən bir sıra problemlərin yaradılmasına baxmayaraq, şəhərdə abadlıq işlərinin aparılması davam etmişdir.
Hazırda Heydər Əliyev küçəsinin qalan 3,3 km hissəsində, yolun alt hissəsində istinad divarları hörülür, ağ üzlüklə bəzədilir, piyada səki salınır. Əlavə olaraq şəhərin 20 yanvar küçəsində 100 m, M.Ə.Rəsulzadə küçəsində 70 m, H.Z.Tağıyev küçəsində 200 metr məsafədə istinad divarları tikilmişdir. Osnakəran kəndində Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun Osnakəran kəndindən keçən hissəsində 200 m uzunluğunda istinad divarları hörülmüşdür.
Rayonda mədəni kütləvi tədbirlərin daha keyfiyyətli təşkili məqsədilə Gənclər parkında "Açıq Hava Teatrı" tikilmiş və Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə istifadəyə verilmişdir.
Rayonun "Biləzəmi" adlanan ərazisində Heydər Əliyev Fondu hesabına müasir tələblərə tam cavab verən 55 yerlik körpələr evi- uşaq bağçası inşa olunmuşdur. Burada uşaqların təlim-tərbiyəsi üçün bütün şərait yaradılmışdır. Şəhərin Heydər Əliyev küçəsində, "Kiləğori" adlanan sahədə rayon icra hakimiyyəti üçün müasir memarlıq üslubunda, bütün funksionallıq nəzərə alınmaqla inzibati bina inşa olunur. İnzibatı bina 3 mərtəbəli, tikinti sahəsi 3 min 268 kvadrat metr olmaqla, orada işçilərin səmərəli və keyfiyyətli fəaliyyət göstərmələri üçün manasib şərait yaradılacaqdır.
Şəhər əhalisinin istifadəsində olan “Əlyar” bulağı baxımsızlıq və güclü sel suları nəticəsində dağılmış və istifadəsiz hala düşmüşdü. Bulaq kompleksinin rayon əhalisi üçün əhəmiyyətini nəzərə alaraq tamamilə yenidən qurulması istiqamətində işlərə başlanıldı və qısa müddətdə müasir zövqə uyğun inşa olunaraq əhalinin istifadəsinə verildi. Rayonda bütün köhnə, qəzalı vəziyyətdə olan tikililər sökülərək yenisi ilə əvəz olunur. Şəhər əhalisinin xahişi nəzərə alınaraq Nizami küçəsində yerləşən yas mərasim evi də yenidən inşa olunmuş, müasir istilik sistemi quraşdırılmış və digər lazımi şərait yaradılmışdır.
Şəhərin Heydər Əliyev küçəsində “31 mart Azərbaycanlıların Soyqırım” abidə kompleksi də bir neçə il bundan əvvəl inşa olunduğundan qismən yararsız vəziyyətə düşmüşdü. Bununla əlaqədar tərəfmizdən tədbirlər görülərək qısa müddətdə yenidən kompleks bərpa olunaraq istifadəyə verildi.
Rayonumuzda bir çox tikililərlə yanaşı, Rayon Polis şöbəsinin də inzibatı binası uzun müddət istismarda olduğu üçün tam yararsız vəziyyətə düşmüşdü. Bu məqsədlə 2012-ci ildə rayon polis şöbəsi üçün müasir inzibatı binanın tikintisinə başlanılmış və 2014-cü ilin aprelində istifadəyə verilmişdir. Burada şöbənin əməkdaşlarının iş fəaliyyəti üçün bütün şərait yaradılmışdır.
Ölkə prezidenti İlham Əliyev cənablarının idmana və idmançılara diqqət və qayğısı sayəsində respublikamız idman ölkəsinə çevrilmiş, bu istiqamətdə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Cənab Prezidentin bu istiqamətdə yorulmaz əməyi dünyada ilk dəfə olaraq Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsinə şərait yaratdı. Hazırda paytaxt Bakıda bu istiqamətdə Avropa Olimpiya oyunlarına daxil olan idman növləri üzrə idman meydançaları, idman zalları, üzgüçülük hovuzları və dgər idman obyektləri tikilir. Əlbəttə ki, Azərbaycan idmanına rayonumuzun idmançılarının da töhfəsi olmuşdur. İdmançılarımız Ölkəmizin idman bayrağını yüksəklərə qaldırmışlar. Bildirim ki, bu ilin may ayında İstanbulda keçirilən Avropa birinciliyində rayonumuzun idmançısı Valeh Sahratlı 1-ci yerə layıq görülmüşdür. Respublikamızın bütün bölgələri kimi Yardımlı rayonunda da Ölkə Prezidentinin sərancamı ilə ötən ilin sonlarında müasir idman kompleksinin tikintisinə başlanılmış və 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılmışdır. Kompleksdə açıq şəraitdə mini futbol, voleybol və tennis üçün meydança, kompleksin daxilində güləş, boks və trinajor zalı, 300 yerlik bütün növ tədbirlərin təşkili üçün idman zalı, 2 mərtəbədən ibarət 62 yerlik müasir otel binası da tikiləcəkdir. Burada respublika əhəmiyyətli idman yarışlarının təşkili və keçirilməsi tam mümkün olacaqdır. Əgər nəzərə alsaq ki, rayonumuzun idmançıları respublikada güclü idmançılar kimi tanınırdısa, idman kompleksinin istifadəyə verilməsindən sonra idman nailiyyətlərimiz daha da çox olacaqdır.
Bundan əlavə, rayonda idman qurğularının bütün ərazilərdə tikintisi istiqamətində işlər aparılır. Belə ki, cüdo və güləş “idman zalının” tikintisi üçün şəhərin “Biləzəmi” adlanan ərazisində torpaq sahəsi ayrılmış və zəruri sənədlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göndərilmişdir.
Quruculuq-abadlıq işləri rayonun digər yaşayış məntəqələrində də icra olunmuşdur. Çayüzü kəndində 1941-1945-ci illərdə həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə kompleksi sökülərək müasir üslübda yenidən inşa olunuraq “Qələbə günü” bayramında istifadəyə verilmişdir.
Ötən dövr ərzində əhalinin əksəriyyətinin istifadə etdiyi yerli əhəmiyyətli avtomobil yollarının Viləş çayı üzərindən keçən hissəsində 3 yerdə Yardımlı-Hamarkənd-Abbasabad, Yardımlı-Bozayran-Vərgədüz-Sırıq avtomobil yolunda yükgötürmə qabiliyyəti 100 ton və Şəhərin Əsədabad və Ünəç küçələri arasında, Viləş çayı üzərində kiçik tutumlu maşınlar üçün yükgötürmə qabiliyyəti 30 t olan müasir avtomobil körpüsü inşa olunmuş və əhalinin istifadəsinə verilmişdir. Hansı ki, bu körpülərdən ümumilkdə 18 yaşayış məntəqəsi, 20 minə yaxın əhali istifadə edir. Bununla da son iki ildə tikilən avtomobil körpülərinin sayı 6-ya çatmışdır.
Nəzərinizə çatdırım ki, rayonumuzun relyefi dağlıq olduğu üçün uzun müddət yağan leysan yağışları, tez-tez baş verən sürüşmələr rayonda bir çox problemlər yaradır, təbii fəlakətlər kommunikasiya xətlərinə, yollara və istinad divarlarına ciddi ziyan vurur. Lakin, daxili imkanlar hesabına dəymiş ziyanlar qısa müddətdə operativ olaraq aradan qaldırılır və belə halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Rayonda bizi narahat edən məsələlərdən biri və ən önəmlisi əksəriyyət rayondaxili-kəndlərarası yolların yararsız vəziyyətdə olması idi. Lakin bu istiqamətdə tərəfimizdən geniş miqyaslı tədbirlər həyata keçirilmiş, Ölkə Prezidentinin sərəncamı, daxili imkanlar və digər mənbələr hesabına son iki ildə 185,5 km yol təmir olunmuş, bunun 57,5 km-i asfalt, 68 km-i çınqıl örtüklə, 60 km-i ağır texnika ilə eni 6 metr olmaqla genişləndirilərək avtomobillərin normal gəliş-gedişi təmin olunmuşdur. Qarşımızda olan yeganə çətinlik Bilnə-Bülüdül-Allar yolunun 4 km-lik hissəsinin çınqıl örtüklə təmir olunmasıdır. Hazırda, daxili imkanlar hesabına yolun təmirinə başlanılmış və işlər hava şəraiti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdır.
Ölkə Prezidenti Möhtərəm İlham Əliyev cənablarının 2013-cü ilin sentyabrında rayonumuza səfəri bir çox obyektlərin, o cümlədən , Yardımlı-Deman-Arvana avtomobil yolunun istifadəyə verilməsi ilə yaddaşlara yazıldı və yolun inşa olunmuş 20 km-lik hissəsi məhz Cənab Prezidentin iştirakı ilə istifadəyə verildi. Bu, tədbir rayonumuzun əhalisi tərəfindən böyük razılıqla qarşılandı.
Ölkə Prezidentinin növbəti sərəncamları ilə Yardımlı-Deman-Arvana avtomobil yolunun qalan 18 km-lik hissəsi də əsaslı tikilərək Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə istifadəyə verilmişdir.
Əlavə olaraq, Ölkə Prezidentinin sərəncamı ilə uzunluğu 15 km olan və 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd–Abasabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılmış, qısa müddətdə yolun inşası başa çatdırılaraq 21 iyul 2014-cü ildə istifadəyə verilmişdir.
Əhalisinin sayı 6 min nəfər, 5 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 15 km olan yerli əhəmiyyətli Yardımlı-Bozayran-Osnağaran-Bürzümbül-Vərgədüz –Sırıq avtomobil yolunun tikintisi üçün də müvafiq sənədləşmə işləri aparılmış, aidiyyatı üzrə təqdim olumuş və 2014-cü ildə tikintisi planlaşdırılmışdır.
Bu ilin doqquz ayında daxili imkanlar hesabına yolların təmiri istiqamətində bir sıra işlər görülmüşdür. Pirembel avtomobil yolunun 2-ci kilometriliyində, Şəfəqli -Gərsava avtomobil yolunun 1-ci kilometriliyində sel sularının kəskin artması nəticəsində yolun bir hissəsi uçmuş və həmin hissədə avtomobillərin hərəkəti çətinləşmişdi. Bu məqsədlə yolun uçmuş hissəsinə böyük kütlədə torpaq daşınaraq təmiri qısa zamanda başa çatdırılmış, hər iki yolda avtomobillərin maneəsiz hərəkəti təmin olunmuşdur. Hazırda, uzunluğu 2,5 km olan Pirembel yolunun 2,1 km hissəsi asfaltlaşdırılmışdır. Qısa müddətdə yolun tam asfaltlaşdırılması başa çatdırılacaqdır.
Dəlləkli kəndində əhalini narahat edən məsələlərdən biri yolun 2 km hissəsində iri həcimli suötürücü qurğunun quraşdırılması idi. Əhalinin xahişini nəzərə alaraq yolun həmin hissəsində iki dərə ağır texnika ilə qazılaraq birləşdirilmiş, suötürücü qurğu quraşdırılmış və avtomobillərin rahat gəliş-gedişi təmin olunmuşdur.
Yardımlı-Deman-Arvana avtomobil yolunda may-iyun aylarında yağan intensiv leysan yağışları nəticəsində yolun 17-18- ci kilometrində, alt tərəfində bir neçə hissədə uçqunlar baş vermişdir. Həmin hissədə qısa müddətdə monolit beton dirəklərlə bərkidilmə işləri aparıldı və yol əvvəlki vəziyyətinə gətirildi.
Uzunluğu 15 km olan Şovut-Telavar-Gölyeri-Şıxlar-Bərcan yerli əhəmiyyətli avtomobil yolu qreyderlə təmizlənərək bütün növ avtomobillərin normal gəliş-gedişi tənzimlənmiş, uzunluğu 3 km və Bürzünbüldən Yardımlı şəhərinə ən yaxın olan Köryədi-Bürzünbül avtomobil yolu, eləcə də Cerimbel-Abidinli yolunda avtomobillərin hərəkəti üçün tam maneə yaradan 0,6 km-lik hissəsi eni 6 m olmaqla tam genişləndirilmişdir.
Əlavə olaraq rayonun yaşayış məntəqələrində yolların çınqıl örtüklə təmiri, kəndlərin içməli su probleminin həlli, eyni zamanda digər işlərin görülməsi üçün Qeyri Hökumət təşkilatları da bu işlərə cəlb olunmuşlar.
Belə ki, uzunluğu 2,9 km olan Bərcan, uzunluğu 2,4 km olan Şıxlar-Gölyeri, uzunluğu 2,9 km olan Çanaxbulaq kənd avtomobil yolunun 2,1 km-i çınqıl örtüklə təmir olunuraq istifadəyə verilmişdir. Hər üç yol Yardımlı-Ərus-Gendərə avtomobil yolina birləşdirilmişdir.
Möhtərəm Prezidentimizin göstərişi ilə əvəzsiz olaraq rayona verilmiş xüsusi təyinatlı texnikaların hesabına şəhərdə təmizlik işləri daha da gücləndirilmiş, yaşıllaşdırma idarəsi tərəfindən mövcud yaşıllıqların, parkların və xiyabanların qorunmasına diqqət artırılmışdır.
Nəzərinizə çatdırım ki, Ölkə Prezidentinin 2014-cü ili “Sənaye ili” elan etməsi, rayonumuzun sürətli inkişafı bir sıra sahələrlə yanaşı, sənayenin inkişafı üçün də münbit şərait yaratmışdır. Hazırda, rayonda mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə sexi” tikilmiş və istifadəyə verilmişdir. Müəssisdə 30-a yaxın sakin işlə təmin olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Sənaye Məhəlləsi" layihəsi əsasında rayonun Çayüzü kəndi ərazisində Sənaye Məhəlləsinin yaradılması məqsədilə 2 hektar torpaq sahəsi ayrılmışdır. Sənaye Məhəlləsində pendir, qaynaq, avtomobillərin təmiri sexlərinin və digər sənaye müəssisələri tikiləcəkdir ki, burada da bir qrup əhalinin işlə təmin olunması həyata keçiriləcəkdir.
Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi, yəni əhalinin sutka ərzində içməli su ilə təmin olunması bizim prioritet vəzifələrimizdən biridir. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Yardımlı şəhərinə ümumi uzunluğu 67 km su və 38 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir, hazıra kimi 44,2 km su və 17 km kanalizasiya xətti çəkilmişdir. Su və kanalizasiya xətlərinin çəkilişi zamanı şirkətin yerli nümayəndələri tərəfindən əhaliyə məxsus mülkiyyətə, eləcə də kommunikasiya xətlərinə - qaz, su, elektrik və rabitə xətlərinə, yol kənarı istinad divarlarına ciddi ziyan vurulmuşdur. Qeyd edirəm ki, su və kanalizasiya xətlərinin çəkilişi zamanı işlər keyfiyyətsiz görülmüş və bu kimi hallar da əhalinin haqlı narazılığına səbəb olmuşdur. Tərəfimizdən şirkət nümayəndələrinə ciddi iradlar bildirilmiş və rayondakı bütün rəhbər nümayəndə heyəti işdən kənarlaşdırılmış, işlərin görülməsi digər şirkətə həvalə olunmuşdur.
Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmışdır. Bildiyiniz kimi, ötən ildən “Sineyir”dən plastik borularla çəkilən içməli su xətti mənbədən 12 km məsafədə yerləşən Bürzünbül kəndinin bütün əhalisinə paylanmışdır. Osnakəran kəndində 1 ədəd 500 tonluq, Bürzünbül və Vərgədüz kəndlərinin hər birində 1 ədəd 100 tonluq anbar inşa olunmuşdur. Hazırda, digər kəndlərə də su çəkilişi işləri davam edir.
Mirimli kəndində də 40-a yaxın ev təsərrüfatının içməli su ilə təmin olunması üçün Rayon icra hakimiyyətinin daxili imkanları hesabına 3,5 km məsafədən, “soyuq bulaq” adlanan ərazidən su xətti çəkilmiş və hazırda 20 təsərrüfat fasiləsiz olaraq bu sudan istifadə edir. Həmçinin Rayon İcra Hakimiyyətinin hesabına Peştəsər və Gügəvar kəndlərinə 1,5 km-lik məsafədən su xətləri çəkilmişdir.
Bildirirəm ki, 2014-cü ilin yay müvsümündə rayonda içməli suyun azalmasını, eləcə də rayonda su mənbələrinin müəyyən olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tərəfimizdən müraciət olunmuşdur. Bununla bağlı rayonun 12 kənd yaşayış məntəqəsində - Köryədi, Porsova, Şovut, Ərus, Sırıq, Bozayran, Yardımlı şəhər, Şəfəqli, Pirembel, Aşağı Astanlı, Kürəkçi və Vərgədüz kənd yaşayış məntəqələrində içməli suların axtarışı ilə əlaqədar kəşfiyyat işləri aparılması nəzərdə tutulmuşdur. Köryədi kəndində kəşfiyyat xarakterli 2 ədəd, Yardımlı şəhərində 1 ədəd qazılan artezyan quyu əhalinin köməkliyi ilə istismar quyusu kimi istifadəyə verilmişdir. Digər kəndlərdə kəşfiyyat xarakterli qazılacaq quyuların da istismar quyusu kimi istifadəyə verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır.
Ötən illərdə əksər kəndlərdə kənd bulaqları bələdiyyələr və kənd əhalisinin köməkliyi ilə təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
Rayonda yaşayış məntəqələrinin qazlaşması sahəsində bir sıra işlər görülmüşdür. Bu müddətdə təbii qaz abonentlərinin sayı əhali sektoru üzrə 1910-a, müəssisələr üzrə abonentlərin sayı 18-ə çatdırılmışdır. Bu da rayon üzrə 23% və ya 10 yaşayış məntəqəsinin qazlaşması deməkdir. Hazırda, şəhərin Daşkənd küçəsinin və Urakəran kəndinin qazlaşdırılması işləri davam edir. Daşkənd küçəsində artıq qaz xətlərinin çəkilişi başa çatdırılmış, 159 fərdi yaşayış evə qaz sayğacları quraşdırılmış və qaz kəmərinin istismara verilməsi üçün hazırlıq görülür.
Yardımlı şəhərində aparılan abadlıq işləri ilə əlaqədar, lazım olan sahələrdə qaz xətlərinin yerinin dəyişdirilməsi, körpü tikintiləri aparılan ərazilərdə qaz xətlərinin kənarlaşdırılması Qaz İstismar sahəsi tərəfindən qısa müddətdə təmin edilmişdir. Hesabat dövrü ərzində abunəçilərin fasiləsiz, təhlükəsiz qaz təminatı diqqət mərkəzində saxlanılmış, heç bir bədbəxt hadisə qeydə alınmamışdır.
Rayon elektrik şəbəkəsi əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik şəbəkəsinin ötən dövrdə ümumilikdə, 10 ədəd sıradan çıxmış transformatoru yenisi ilə əvəz olunmuşdur. Yeni inşa olunmuş 70 ev təsərrüfatına isə elektrik xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Əhali ilə səyyar görüşlər zamanı rayonun Cerinbel, Şıxlar və Gügavar kəndlərində elektrik təminatı ilə bağlı ciddi çətinliklərin olduğu məlum oldu. Bu məqsədlə tərəfimizdən Şirvan regional elektrik şəbəkəsi qarşısında məsələ qaldırılaraq müsbət həll olundu. Bizim də yaxından köməkliyimiz sayəsində Cerinbel kəndində, kəndin digər hissəinə yeni 10 KV-luq xətt çəkildi və 100 KVA-lıq transformator quraşdırıldı, Gügavar kəndində isə 3 km məsafədə 3-cü faza çəkildi, eyni zamanda həmin 3 km-lik hissədə hava xətləri yenisi ilə əvəz olundu, Şıxlar kəndində kəndin digər hissəinə yeni 10 KV-luq xətt çəkildi və 63 KVA-lıq transformator quraşdırıldı.
Doqquz ay ərzində Yüksək gərginlikli hava xətlərində və 0\4 kilovoltluq hava xətlərində 100-ə yaxın, son iki il müddətində ümumilikdə, 350-yə yaxın dəmir və ağac dayaqlar istifadə edilmişdir ki, əsasən qəzalı olan xətlərdə istifadə olunmuşdur ki, bu xətlər hazırda qismən dayanıqlı vəziyyətə gətirilmişdir. Son iki ildə 50-yə yaxın transformator yenisi ilə əvəz olunmuşdur.
Ötən müddətdə telekommunikasiya qovşağı da bir sıra işlər görmüşdür. Bu müddətdə Ostayir kəndində yeni Elektron ATS quraşdırmaqla ATS-lərin sayı 23-yə, telefon abunəçilərinin sayı 41ədəd artaraq 4 min 300, sürətli internet istifadəçilərinin sayı 192 ədəd artaraq 770 olmuşdur ki, bunlardan 663 əhali abonentidir. Bildirim ki, Telefon abunəçilərinin mantaj tutumu 5 min 500-ə, surətli internet şəbəkəsinin mantay tutumu isə 1 min 56-ya çatdırılmışdır.
9 ay müddətdə rayon elektrik şəbəkəsi planı 83%, qaz istismar idarəsi planı 101%, Telekommunikasiya Qovşağı planı, 98 % , Su kanal idarəsi planı 100% icra etmişdir.
2013-2014-cü tədris ilində rayon təhsl şöbəsi iş fəaliyyətini yaxşılaşdırmışdır. Keçən dərs ilinin yekununa görə IX siniflərdə oxuyan 905 nəfər şagirddən 903 nəfəri ümumi orta təhsil haqqında şəhadətnamə, XI siniflərdə oxuyan 694 nəfərdən 692 nəfəri orta təhsil haqqında attestat almışlar. 286 nəfəri ali məktəblərə qəbul üçün imtahan vermiş, onlardan 119 nəfəri ali məktəblərə daxil olmuşdur. Bundan əlavə, əvvəlki illərdə məktəbi bitirmiş daha 43 nəfər məzunumuz da bu ildən ali məktəblərə qəbul olmuşdur. Bununla da qəbul olanların sayı ümumilkdə 162 nəfər olmuşdur ki, bunların 16-sı qızlardır.
Bu tədris ilində 5 nəfər məzun 600-dən, 11 nəfər məzun 500-dən yuxarı bal toplaya bilmişlər. Çayüzü kənd tam orta məktəbinin məzunu Elnur Əlizadə məktəbi qızıl medalla bitirmiş, ali məktəblərə qəbul zamanı 695 bal toplayaraq Azərbaycan Diplomatiya Akademiyasına qəbul olmuşdur. Möhtərəm Prezidentimizin fərmanı ilə Elnur Əlizadə prezident təqaüdünə layiq görülmüşdür.
Ötən müddətdə rayonda məktəb tikintiləri davam edərək 2013-2014-cü dərs ili ərzində Zövün və Ostayır kənd tam orta, Zenqaran, Solqard və Fındıqlı Qışlaq kənd ibtidai məktəbləri istifadəyə verilmişdir. Hazırda rayonun Anzov, Çayüzü, Qaraqaya, Urakəran, Şəhər 3 nömrəli məktəb binalarının tikintisi aparılır.
Dərs ilinin yekununa görə möhtərəm prezidentimizin sərəncamına görə Ostayır kənd tam orta məktəbnin müəllimi Mehdi Həsənov “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bu Respublika rəhbərinin rayonumuzun müəllimlərinə göstərdiyi diqqət və qayğının bariz təzahürüdür.
Rayon Mədəniyyət və Turizm şöbəsi 9 ayda bir sıra işlər görərək, dövlətin Mədəniyyət siyasətinin həyata keçirilməsində ardıcıl iş aparılmış, mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmlənmiş, əhaliyə göstərilən xidmət işinin səviyyəsi yüksəlmişdir. Rayonda Dövlət Rəsm Qalareyası fəaliyyətə başlamış və orada 2 dəfə Respublikanın tanınmış rəssamlarının və yerli rəssamların əsərlərindən ibarət sərgi sərgi təşkil olunmuşdur.
Rayon Mədəniyyət şöbəsi sentyabr ayında Lerik rayonunda keçirilən “Uzunömürlülərin yaradıcılıq festivalında” fəal iştirak etmış, kulinariya üzrə müsabiqədə fəal iştirakına görə Diplomla mükafatlandırılmışdır.
2014-cü ilin müvafiq dövrünə kimi Heydər Əliyev Mərkəzinə ekskursiyaya gələnlərin sayı 10 min nəfər olmuşdur. Mərkəzdə məktəblilər üçün tarix dərsləri də keçirilmişdir. Tarix Diyarşünaslıq muzeyinə gəliş 9000 nəfərə yaxın olmuş, 3 muzey sərgisi təşkil olunmuş, 21 adda yeni muzey sənədləri fonda daxil edilmişdir. Rayonda fəaliyyət göstərən 4 turizm obyektlərinin fəaliyyəti istiqamətlənmiş, turistlərə xidmət yaxşılaşmışdır. Çari ildə rayona turist gəlişi 1650 nəfər təşkil etmişdir.
Əhaliyə tibb xidmətinin göstərilməsində ciddi irəliləyişə nail olunmuşdur. Xəstəxanada 449 xəstə stasionar müalicə, 85 xəstə üzərində cərrahi əməliyyatlar icra edilmişdir və bu əməliyyatlardan sonra ölüm hadisəsi qeydə alınmamışdır. Ötən dövr ərzində bütün tibb müəssisələrinə 25 min 358 ambulator müraciət olunmuşdur.
Hal-hazırda rayonda 1500-ə yaxın imtiyazlı qrup xəstələr vardır ki, onlara ötən müddətdə 87 min manat məbləğində dərman preparatları və sarğı materialları verilmişdir. Təcili tibbi yardım şöbəsində 5 min nəfərə müvafiq ilk tibbi yardım göstərilmişdir.
Xəstəxanaya ağır vəziyyətdə müraciət etmiş 36 xəstəyə müvafiq yardım göstərildikdən sonra Respublikanın ixtisaslaşdırılmış xəstəxanalarına göndərilmişdir.
27 avqust 2014-cü il tarixdə rayon icra hakimiyyətinin təşəbbüsü ilə Qanköçürmə institutu tərəfindən mərkəzi rayon xəstəxanasında qanvermə aksiyası keçirildi. Aksiyaya 500-ə yaxın rayon sakini cəlb olundu və 150 nəfər qan verərmədə iştirak etdi
Azərbaycan Respublikasının Prezdenti Möhtərəm İlham Əliyevin cənablarının tapşırığına əsasən ölkədə həyata keçirilən əhalinin profilaktik tibbi müayinələri hal-hazırda rayonumuzda uğurla icra edilir. Müxtəlif ixtisaslı həkimlərdən ibarət tibbi briqadalar həm rayon poliklinikasında, həm də kəndlərdə əhalininn tibbi müayinələrini həyata keçirir, aşkar edilmiş xəstələr ambulator və ya stasionar müalicəyə cəlb edilmişlər. Hal-hazıra kimi 40 min 538 nəfər tibbi müayinələrdən keçirilmiş, aşkar edilmiş 2 min 25 xəstəyə ambulator müalicə, 100 nəfər stasionar müalicəyə təyin edilmiş,140 nəfər isə ətraflı müayinə və müalicə olunması məqsədilə Bakı şəhərinə ixtisaslaşmış xəstəxanalara göndərilmişdir.
Gənclər və idman idarəsi bu müddətdə gənclər siyasəti üzrə 54 tədbir, idman üzrə 27 tədbir keçirilmiş bu tədbirlərdə 4000-ə yaxın, 7 zona, 11 Respublika və 1 Avropa yarışlarında 182 nəfər gəncin iştirakı təmin edilmişdir. Respublika yarışlarında gənclərimizdən 3 nəfəri birinci, 5 nəfəri ikinci və 4 nəfəri üçüncü yerə, Avropa yarışlarında isə 1 nəfər Avropa çemionu adını qazanmışdır. Mən inanıram ki, rayonumuzda yeni inşa olunan idman kompleksi istifadəyə veriləndən sonra idmançılarımız üçün hərtərəfli şərait yaradılacaq və daha da uğurlu nəaliyyətlər əldə olunacaqdır.
Rayonun əhalisinin ümumi sayı 63 min 35-ə çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təsdiq etdiyi “2008-2015-ci illərdə” Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq cari ilin 9 ayında rayonda əkinçilik və heyvandarlıq məhsulların artırılmasına nail olunmuşdur. Rayonda kənd təsərrüfatında ümumi daxili məhsul 30 milyon 790 min manat olmuş, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 13 milyon 490 min manat çox, yəni 77 % çox olmuşdur.
Arı ailələrinin sayı artmış, bal istehsalı 75,6 ton olmuşdur. Rayonda damazlıq arı təsərrüfatı yaradılmışdır.
Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Servisin balansında 13 adda müxtəlif kənd təsərrüfatı təmayüllü texnikalar vardır ki, bunlar da kənd zəhmətkeşlərinin əkininə, biçininə və digər kənd təsərrüfatı işlərin görülməsinə xidmət göstərir. Aqroservis tərəfindən məhsul istehsalını artırmaq məqsədilə mineral gübrələrin 70 faizi güzəştlə məhsul istehsalçılarına çatdırılır.
Natiq məruzədə 2014-cü ilin sonrakı aylarında rayonun sosial-iqtisadi sahəsində qarşıda duran həlli vacib məsələləri müşavirə iştirakçılarının diqqətə çatdırdı.