Yardımlı rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi
18 mart 2015-ci il tarixdə Gənclər parkında Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış oldu.
Sonra Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik etdi. Bayram tonqalı rayon icra hakimiyyəti başçısı və Dədə Qorqud tərəfindən alovlandırıldı.
Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov çıxış edərək bildirmişdir ki, min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Daha sonra ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışdı.Natiq bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsidir ki, ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir. Ötən Novruz bayramından keçən bir il Yardımlı rayonu üçün də uğurlu və yaddaqalan olmuşdur. Rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə şəhərdə və ərazilərdə tikinti-quruculuq, abadlıq işləri, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi davam etdirilmiş, yeni məktəb binaları, uşaq bağçaları, inzibati idarə binaları tikilib istifadəyə verilmişdir. Cənab Prezidentin qayğı və diqqəti ilə kənd bir neçə istiqamətdə kənd yolları yenidən tikilərək asfaltlaşdırılmış, kəndara yolları əsaslı təmir edilmişdir. Hazırda tikinti-quruculuq işləri davam etdirilir. Ölkə başçısının tapşırığına uyğun olaraq bundan sonra da əhalinin həyat səviyyəsinin, sosial rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Bayram tonqalı ətrafında rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri, Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi. Bayram tədbirinə xüsusi rəng qatan pəhləvanlar nümayiş etdirdiyi maraqlı nömrələr alqışlarla qarşılandı.Tədbir tanınmış incəsənət xadimələrinin iştirakı ilə davam etdi.