Yardımlı rayonunda əhalinin tibbi müayinələrdən keçirilməsi uğurla davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün rayonlarında olduğu kimi, Yardımlıda da əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələri, idarə, təşkilat və müəssisələr üzrə qrafik tərtib olunmuşdur.Tibbi müayinələrin keçirilməsi üçün rayon mərkəzi xəstəxanasında ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Burada əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır.
Əhali yüksək ixtisaslı, təcrübəli həkimlər, tibb işçiləri tərəfindən hərtərəfli tibbi müayinədən keçirilir. Xəstəxananın kollektivi bununla bağlı üzərinə düşən vəzifəlari layiqincə yerinə yetirmək üçün səylə çalışır. Tibbi müayinələr nəticəsində xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən, işin təşkilindən razı qaldıqlarını, əhalinin sağlamlığına göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Rayon icra hakimiyyəti tibbi müayinələrin mütəşəkkil keçirilməsi və aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işini davam etdirir.
Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcəkdir