2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirildi.
16 aprel 2015-ci il tarixdə saat 11:00-da 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağı keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir. Tədbirə giriş sözlə başlayan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov bildirdi ki, 2015-ci ilin I rübündə rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilmişdir.
Artıq mart ayından Heydər Əliyev küçəsinin qalan hissəsində, Şəhidlər xiyabanı abidə kompleksindən başlayaraq ticarət mərkəzi istiqamətində yolun yuxarı hissəsində istinad divarlarının tikintisinə başlanılmışdır.
Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Nəzərinizə çatdırım ki, son 10 ildə rayonda tam müasir olan və müasir standartlara cavab verən 13 idarə və müəssisə üçün inzibatı bina, 10 poçt şöbəsi, 11 EATS, 60 məktəb binası, onlardan 28-i birtipli layihə əsasında, 4 uşaq bağçası, 1 uşaq musiqi məktəbi, 6 avtomobil körpüsü, 1 yarımstansiya yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Hazırda, Möhtərəm Prezidentin qayğısı və göstərişi əsasında icra hakimiyyəti üçün şəhərin Heydər Əliyev küçəsində yeni inzibati binanın tikintisi işləri davam etdirilir. Bina müasir memarlıq üslubunda, bütün funksionallıq nəzərə alınmaqla inşa olunur. Bina 3 mərtəbəli, tikinti sahəsi 3 min 268 kvadrat metr olmaqla, orada işçilərin səmərəli və keyfiyyətli fəaliyyət göstərmələri üçün manasib şərait yaradılacaq və bu il istifadəyə veriləcəkdir.
İdman ölkəsi kimi tanınan Azərbaycan, Möhtərəm Prezidentin diqqət və qayğısı sayəsində bu istiqamətdə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Ölkənin bütün bölgələrində idman qurğuları tikilir və ümumilkdə idmanın bazası yeniləşir və müasirləşir. Ölkə Prezidentinin sərancamı ilə ötən ilin sonlarında rayonumuzda da müasir idman kompleksinin tikintisinə başlanılmışdır. Kompleksdə açıq şəraitdə mini futbol, voleybol və tennis üçün meydança, kompleksin daxilində güləş, boks və trinajor zalları, sahəsi 1824 kv.m olan 300 yerlik bütün növ tədbirlərin təşkili üçün idman zalı, 2 mərtəbədən ibarət 40 otaqlı 62 yerlik müasir otel binası da tikilir. Burada respublika əhəmiyyətli idman yarışlarının təşkili və keçirilməsi mümkün olacaqdır. Əgər nəzərə alsaq ki, rayonumuzun idmançıları respublikada güclü idmançılar kimi tanınırdısa, idman kompleksinin istifadəyə verilməsindən sonra idman nailiyyətlərimiz daha da çox olacaqdır. Kompleks 2015-ci ildə istifadəyə veriləcəkdir.
Möhtərəm Prezidentin bütün istiqamətlərdə yorulmaz əməyi Dünyada ilk dəfə olaraq Avropa oyunlarının Bakıda keçirilməsinə şərait yaratdı. Əlbəttə ki, Azərbaycan idmanına rayonumuzun idmançılarının da töhfəsi olmuşdur. İdmançılarımız Ölkəmizin idman bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldırmışlar. Bildirim ki, Avropa Oyunlarına bizim köməkliyimiz sayəsində rayonumuzun idmançısı, Avropa çempionu Valeh Sahratlının da qatılacağı gözlənilir. Tərəfimdən onun üçün Bakı şəhərində məşqlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bu yaxınlarda Gürcüstanda keçiriləcək Dünya çempionatında Valeh qələbə qazanarsa, Avropa oyunlarında iştirak edəcək, yəqin ki, layiqli yerlərdən birini tutacaqdır.
Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əvvəllər tam boş sahə olan şəhərin Nizami küçəsində olan “Biləzəmi” adlanan ərazi yeni tikililər üçün ayrılmışdır. Rayonun genişləndirilmiş layihə planında bu ərazidə idarə və müəssisələr üçün müasir inzibatı binaların tikintisi nəzərdə tutulmuşdur. Hazırda, bu ərazidə kənd təsərrüfatı idarəsi üçün üç mərtəbədən ibarət, bütün lazımi avadanlıqlara təchiz olunacaq inzibatı bina inşa olunur və bina 2015-ci ildə istifadəyə veriləcəkdir.
Həmin ərazidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi, cənub zonasında mədəniyyət tədbirlərinin keçirilməsi üçün müasir inzibati bina, eləcə də, güləş və idman zalının tikintisi də nəzərdə tutulmuşdur. Eyni zamanda, bu ərazidə vətəndaşların da fərdi yaşayış evi tikməsi üçün də torpaq sahəsi ayrılmışdır, hazırda vətəndaşlar tərəfindən bu sahədə müasir evlər tiklir.
Hamarkənd kəndində yeni tibb məntəqəsinin tikintisinə başlanılmışdır. Məntəqə Yaponiya səfirliyinin maddi imkanları hesabına inşa olunur. Yaponiya Hökuməti rayonumuzda sosial layihələrin həyata keçirilməsində maraqlıdır və nəzərinizə çatdırım ki, onlar ötən ildə şəhər 1 saylı və Köryədi məktəblərində tam müasir sanitar qovşağı inşa etmişlər.
Rayonda bizi narahat edən məsələlərdən biri, eyni zamanda, ən önəmlisi əksəriyyət rayondaxili-kəndlərarası yolların yararsız vəziyyətdə olması idi. Lakin, bu istiqamətdə tərəfimizdən geniş miqyaslı tədbirlər həyata keçirilmiş, Ölkə Prezidentinin sərəncamı, daxili imkanlar və Nəqliyyat Nazirliyinin köməkliyi hesabına son üç ildə 188,5 km yol təmir olunmuş, bunun 57,5 km-i asfalt, 68 km-i çınqıl örtüklə, 63 km-i ağır texnika ilə eni 6 metr olmaqla genişləndirilərək avtomobillərin normal gəliş-gedişi təmin olunmuşdur. Yolların təmiri ilə əlaqədar qarşımızda bir neçə çətinlik mövcuddur. Belə ki, Bilnə-Bülüdül-Allar, Zeynələzir-Honuba Şıxlar, Horonu-Yolocaq, Sırıq –Horavar, Şəfəqli-Kürəkçi, Gendərə-Astanlı, Zevin, Porsova, Mirimli, Məlikli və Tahirli kənd avtomobil yollarının çınqıl örtüklə təmir olunması mühüm məsələ kimi nəzarətimizdədir. Bununla əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüftı Nazirliyi yanında Kənd Təsərrüfat Kreditləri üzrə Dövlət agentliyi ilə müvafiq görüşlər keçirilmiş və rayonda kənd yollarının təmiri ilə bağlı layihə onlara təqdim olunmuş və razılaşdırılmışdır. Yaxın aylarda həmin yolların təmiri həyata keçiriləcəkdir. Artıq, ötən ildə təşkilat tərəfindən rayonumuzda “Kənd İnvestisiya Layihəsi” çərçivəsində 4 yaşayış məntəqəsində, ümumi uzunluğu 10,3 km məsafədə kənd yolları çınqıl örtüklə təmir olunmuşdur.
Rayonda yeni yolların çəkilişi və təmiri istiqamətdə aparılan ardıcıl tədbirlərin nəticəsidir ki, ilin istənilən fəslində rayonun ən ucqar kəndlərə belə rahatlıqla getmək mümkündür.
Uzunluğu 15 km olan Yardımlı-Bozayran-Osnağaran-Bürzümbül-Vərgədüz –Sırıq avtomobil yolunun tikintisi üçün də müvafiq sənədləşmə işləri aparılmış, aidiyyatı üzrə təqdim olumuş və 2015-ci ildə tikintisi planlaşdırılmışdır. Hansı ki, bu yoldan Lerik rayonunun rayonumuzla həmsərhəd olan kəndlərinin əhalisi də istifadə edəcəklər.
Qış mövsümündə avtomobillərin maneəsiz hərəkəti üçün müvafiq tədbirlər görülmüş və bu istiqamətdə heç bir problem yaranmamışdır. Bildiyiniz kimi, fevral ayının 20-dən 23-dək rayon ərazisində fasiləsiz olaraq güclü qar yağmışdı. Qarın hündürlüyü rayon mərkəzində 1 metr, kəndlərdə 1,50-2 metrə çatmışdı. Güclü qarın yağması nəticəsində rayonun ictimai binalarına, elektrik, qaz və rabitə təsərrüfatına, şəxsi evlərə və yardımçı təsərrüfatlara ciddi ziyan dəymişdir. Belə ki, yüzlərlə elektrik və rabitə dirəkləri, elektrik və rabitə məftilləri yararsız hala düşmüş, bütün avtomobil yollarında maşınların hərəkəti tam dayanmışdı.
Mövcud potensialdan istifadə edərək qısa müddət ərzində rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisi verilişi və rabitə əlaqəsi tam bərpa olunmuş, ümumi uzunluğu 600 km şəhərdaxili və kəndlərarası yollar qısa müddətdə qardan təmizlənmiş və avtomobillərin normal hərəkəti təmin olunmuşdur. Uzunluğu 8,3 km olan şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində qar maşınlarla yığılaraq daşınmışdır. Bütün bu problemlərin aradan qaldırılmasına təqribən daxili imkanlar hesabına 50 min manat vəsait xərclənmişdir.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmışdır. Bildiyiniz kimi, ötən ildən “Sineyir”dən plastik borularla çəkilən içməli su xətti mənbədən 12 km məsafədə yerləşən Bürzünbül kəndinin bütün əhalisinə paylanmışdır. Osnakəran kəndində 1 ədəd 500 tonluq, Bürzünbül və Vərgədüz kəndlərinin hər birində 1 ədəd 100 tonluq anbar inşa olunmuşdur. Osnakarın kəndindən Əfçədulan kəndinə qədər, yəni 12 km məsafəyə plastik borulara çəkiliş işləri görülmüşdür. Bürzünbül kəndində müasir bulaq kompleksi inşa olunmuşdur. Hava şəraiti ilə əlaqədar digər kəndlərə xətlərin çəkilişi işləri dayandırılmışdır.
Bildirirəm ki, ötən ildə rayonda içməli suyun azalması nəzərə alınaraq rayonda yeni su mənbələrinin müəyyən olunması məqsədilə tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Bununla bağlı üç il ərzində rayonun 12 kənd yaşayış məntəqəsində içməli suların axtarışı ilə əlaqədar kəşfiyyat işləri aparılması nəzərdə tutulmuşdur. Ötən ildə Köryədi kəndində kəşfiyyat xarakterli 2 ədəd, Yardımlı şəhərində 1 ədəd qazılan artezyan quyu əhalinin köməkliyi ilə istismar quyusu kimi istifadəyə verilmişdir. Digər kəndlərdə kəşfiyyat xarakterli qazılacaq quyuların da istismar quyusu kimi istifadəyə verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır. Yay mövsümündə digər yaşayış məntəqələrində də kəşfiyyat işləri aparılacaqdır. Əlavə olaraq Ölkə Prezidentinin sərəncamı ilə Zevin və Urakəran kəndlərinin hər birində 1 artezyan qazılması üçün kəşfiyyat işləri aparılmış və yer müəyyənləşdirilmişdir.
Rayonda yaşayış məntəqələrinin qazlaşması sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, təbii qaz abonentlərinin sayı əhali sektoru üzrə 2 min 80-ə, müəssisələr üzrə abonentlərin sayı 19-a çatdırılmışdır. Bu da rayon üzrə 25% və ya 10 yaşayış məntəqəsinin qazlaşması deməkdir. Məlumat üçün bildirim ki, yaxın aylarda abonentlərinin sayı 560 olan rayonun Urakəran, Bürzünbül və Vərgədüz kəndlərinin qazlaşdırılmasına başlanılacaqdır.
Rayon elektrik şəbəkəsi də istehlakçıların elektrik enerji ilə təmini üçün lazımi tədbirlər görmüşlər. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə xətlərdə təmir işləri aparılmış, sıradan çıxmış elektrik transformatorları yenisi ilə əvəz olunmuşdur. Şirvan Regional Elektrik Şəbəkəsinə müraciətimizlə əlaqədar bu il 160 ədəd 10 və 0/4 kilovoltluq xətlər üçün dəmir dayaqlar gətirilmiş və bir qismi istifadə olunmuşdur.
20 fevral tarixdə rayonda güclü qar yağması zamanı Masallı-Yardımlı-Lerik yüksək gərginlikli elektrik xəttində ciddi nasazlıq yarandığından rayonda müvəqqəti olaraq elektrik verilişi tamamilə dayandırılmışdı. Bununla bağlı tərəfimizdən ciddi tədbirlər görülərək qısa müddətdə - təxminən 1 gün ərzində 35 KV-luq, eləcə də bütün fider xətlərində qəzalar aradan qaldırılaraq əhali elektrik enerjisi ilə təmin olundu. Bu işdə rayonun bütün idarə və təşkilatlarının, xüsusilə, yerli əhalinin köməkliyi ilə baş vermiş bu kimi qəzalar qısa müddətdə aradan qaldırılmışdır.
Rayon telekommunikasiya qovşağı iş fəaliyyətini daha da yaxşılaşdıraraq Elektron ATS-lərin sayını 24-ə, telefon abonentlərinin sayını 4 min 332-ə çatdırmışdır. Qovşaqda EATS-lərin mantaj tutumu isə 5 min 564-ə çatdırılmışdır. Hazırda, rayonun 32 yaşayış məntəqəsinə çoxşaxəli sürətli internet xətti çəkilmişdir. Bu, rayon üzrə yaşayış məntəqələrinin 40%-ni, ümumi abonentlərin isə 48%-ni əhatə edir. Qovşaqda əhaliyə surətli internet abunəçilərinin sayı 868-ə çatdırılmışdır.
Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilmişdir. Rayon İcra hakimiyyəti Başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurmuş və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
Rayon elektrik şəbəkəsi tərəfindən əhali sektoru üzrə planı 72%, ümumilikdə isə 72,4%, Qaz istismar sahəsi əhali abonentləri üzrə planı 101%, qeyri əhali sektoru üzrə 93%, Telekommunikasiya Qovşağında əhali və qeyri əhali sektoru üzrə planı 100%, Su kanal idarəsi əhali və qeyri-əhali sektoru üzrə planı 100%, Poçt filialı planı 100,3% yerinə yetirmişlər.
Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olmuşdur.
2015-ci ilin birinci rübü ərzində rayon üzrə 16 milyon 897 min manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çoxdur. Bu müddətdə 182 min 600 manatlıq sənaye, 4 milyon 366 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 11 milyon 773 min manatlıq ticarət, 300 min manatlıq nəqliyyat, 96 min manatlıq rabitə xidməti göstərilmiş, 179 min manatlıq tikinti işləri həyata keçirilmişdir.
2015-ci ilin müvafiq dövründə 97 fiziki və 21 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da rayon üzrə sahibkar subyektinin sayı 2060 olmuşdur ki, bu 2013-ci illə müqayisədə 1,3 dəfə çoxdur. Sahibkarlıq subyektlərinin 1766-sı fiziki, 294-ü isə hüquqi şəxslərdir. Rayon üzrə sahibkarların sayı respublika üzrə göstəriciyə uyğundur.
Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuş dur. Ötən dövr ərzində rayon icra hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə 50 min manatlıq ərzaq yardımı, bu qəbildən olan 39 nəfərə 4 min manat pul yardımı göstərilmişdir ki, bu təxminən 900 nəfərə yaxın əhalini əhatə etmişdir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara sement, mişar daşı, şifer, taxta və digər tikinti materialları verilmişdir.
Rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, şagirdlərimiz rayon və respublika səviyyəli turnirlərdə, bilik yarışlarında, müsabiqələrdə iştirak edərək bir sıra nailiyyətlərə imza atmışlar. 2014-2015-ci tədris ilində Elnur Əlizadə məktəbi qızıl medalla bitirərək 695 balla ali məktəbə qəbul olmuş və Prezident Təqaüdçüsü adını qazanmışdır. Çayüzü kənd tam orta məktəbi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin, şəhər 1 N-li tam orta məktəbinin müəllimi Aygün Şabiyeva isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Ostayır kənd tam orta məktəbinin müəllimi Mehdi Həsənov möhtərəm Prezidentimizin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonun yuxarı sinif şagirdləri, xüsusilə təhsil sahəsində fəallıq göstərmiş gənclər “Qlkəmizi tanıyaq“ şüarı altında keçirilən tur-aksiyada fəal iştirak etmış və onlar Naxçıvan şəhərində olaraq qədim diyarla tanış olmuşlar. Belə tur-aksiyada rayonumuzun 8 nəfər şagirdi iştirak etmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi mədəni kütləvi tədbirlərin keçiriməsi, musiqi müsabiqələrinin təşkili, gənc istedadların üzə çıxarılması, mədəniyyət müəssisələrində iş fəaliyyətinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirmişdir.
Əhaliyə tibb xidmətinin göstərilməsində də müəyyən irəliləyişə nail olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının tapşırığına əsasən əhalinin dispanserizasiyası tədbirləri də uğurla icra edilmişdir. Rayon İcra Hakimiyyətində əhalinin tibbi müayinəsi ilə bağlı qrafik tərtib olunmuş və hazıra kimi Dispanserizasiya zamanı 25 min nəfər müayinə edilmişdir. Müayinə zamanı 1021 nəfər abmulator, 219 nəfər stasionar müalicəyə cəlb olunmuş, 61 nəfər Bakı şəhərinə müalicə üçün göndərilmişdir. Müayinə hazırda davam etdirilir............................