Yardımlıda “Baku-2015” I Avropa Oyunları Məşəli Alovlandırıldı
02 may 2015-ci il tarixdə Yardımlı şəhərinin giriş qapısında Astaradan gətirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi keçirildi.
Məşəlin qəbulu və estafet qaydasında nəzərdə tutulan məntəqəyə - Heydər Əliyev meydanına çatdırılması üçün rayonun idman həyatında fəal iştirak edən 10 nəfər idmançı əvvəlcədən nəzərdə tutulmuş və onlar yetərincə məlumatlandırılmışlar.
Yardımlı nümayəndəsi kontakt karate üzrə peşəkar idmançı Rasif Məmizadə məşəli qəbul edib başı üzərinə qaldırır, geniş və yaraşıqlı Heydər Əliyev prospekti boyunca hərəkətə başlayır. Yolun hər iki tərəfində əllərində üçrəngli milli bayraqlar, al-əlvan gül-çiçək tutan Yardımlı camaatı vətənin, dövlətin, Prezidentin şərəfinə şüarlar səsləndirirlər.
Rayonun tanınmış idmançıları müəyyən edilmiş ardıcıllıqla estafeti bir-birənə ötürərək nəzərdə tutulan məsafəni qət edirlər. Nəhayət, nəzərdə tutulan məkana yetişilir.
Peşəkar karateçi dəfələrlə Azərbaycan çempionu Amil Cavadov alqış sədaları altında əlində məşəl tribunaya qalxaraq alov kasasını məşəllə yandırır.
Daha sonra təşkilat komitəsinin əməkdaşı tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzi çırağı Məşəlin Alovu ilə yandırılaraq Avropa Oyunları başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verildi.
Birinci Avropa Oyunlarının alovu Yardımlıdan Masallı rayonuna aparıldı.