Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlimlər keçirilmişdir

02 sentyabr 2011 | 15:00

Yardımlı rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda üçgünlük təlimlər keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi və FHN-in Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə 3 hektarlıq ərazidə keçirilən təlimlərə rayonun hərbiləşdirilməmiş dəstələrindən ibarət 200 nəfərlik şəxsi heyət və 36 ədəd texnika cəlb edilmişdir.
Tədbirin əsas məqsədi əhalinin baş verə biləcək fövqəladə vəziyyət zamanı davranış qaydalarına, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaqdır.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq obyektə girən cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə vəziyyət baş verəcəyi təqdirdə ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiyaya qarşı mühafizə tədbirləri və əhalinin təhlükəsiz ərazilərə köçürülməsinin təşkili tapşırıqlarını yerinə yetirmişlər.
 

Keçidlər