Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi.
11 iyun tarixdə Yardımlı rayonunda Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
RİH-nin Konfrans zalında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov gündən-günə inkişaf edən, gözəlləşən, böyük tarixi inkişaf yolunda olan, doğma Vətənimizin - Azərbaycanımızın hər yerində 15 iyun “Qurtuluş günü”nün 22-ci ildönümünün böyük bayram təntənəsi ilə qeyd edildiyini bildirmişdir. O, 22 il bundan öncə baş verənlərin - 1993-cü ilin qan-qadası, ağrı acısı, qardaş qırğını, adamların günahsız ölümünün uzun müddət bu xalqın yaddaşından silinməyəcəyini, müstəqil Azərbaycanı öz mənafeyinə uyğun parçalamaq, bir dövlət kimi yox etmək istəyən qara niyyətlilərin çirkin arzusunun gözlərində qalacağını vurğulamışdır. Həmin dövrdə respublikada hərc-mərcliyin doğurduğu vəziyyət, ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, apardıqları naşı siyasətin nəticəsində qanlar bahasına yenidən əldə olunmuş müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı. Hadisələr elə məcraya yönəlmişdi ki, onun qarşısını yalnız xalqın güvəndiyi dahi şəxsiyyət, təcrübəli dövlət xadimi, mahir siyasətçi, Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan Heydər Əliyev ala bilərdi. Xalq bunu çox yaxşı anlayırdı və xilas yolunu bu böyük insanın yenidən respublikaya rəhbərliyə qayıdışında görürdü.
1993-cü ilin dəhşətli iyun günlərində, uzun sürən tərəddüdlərdən sonra ölkənin təhlükəli vəziyyətdə olduğunu, eləcə də xalqın təkidli xahişlərini nəzərə alan Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin tarixi qayıdışı ilə ölkəni bürüyən təhlükə böyük siyasi çevikliklə aradan qaldırıldı, dövlətçiliyin və xalqın yoluna parlaq nur saçıldı. Xalq faciələrdən qurtuldu, azad nəfəs almağa, xoşbəxt və firavan günlər yaşamağa başladı. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun apardığı qətiyyətli, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı, şərəfli ömür yolu doğma xalqımız üçün vətənə xidmət nümunəsinə çevrilmişdir.
Bu gün müstəqil Azərbaycan regionun aparıcı dövləti, dünyada şöhrəti olan bir ölkə kimi tanınır. Son illərdə Beynəlxalq tədbirlərin ardıcıl olaraq Azərbaycanda keçirilməsi onun nüfuzunun artmasına, ölkəmizə olan maraqların güclənməsinə əyani sübutdur.
Ölkəmiz daha bir ilkə imza ataraq adını qızıl hərflərlə tarixə yazır. Qürurvericidir ki, Birinci Avropa Oyunları kimi tarixə düşən böyük idman bayramı doğma Bakımızda həyata vəsiqə alır. Dünya tarixində ilk dəfə təşkil olunan Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi Ulu Öndərimizin siyasi varisi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsidir.
Azərbaycanın ictimai-siyasi və idman tarixinə şanlı səhifə açan “Bakı-2015” I Avropa oyunlarının açılış mərasiminin Qurtuluş günü ərəfəsinə təsadüf etməsi xalqımızın, o cümlədən, astaralıların bayram əhval ruhiyyəsini artırır və ovqatını daha da yüksəldir. Fürsətdən istifadə edib hamınızı bu bayramlar münasibəti ilə təbrik edir, ölkəmizi təmsil edəcək idmançılarımıza qələbələr arzulayıram.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Ziyallılar Cəmiyyətinin sədri Feyruz Sultanov, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Nəsimi Qurbanov çıxış etdilər.