Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yardımlı, Masallı və Cəlilabad rayon vətəndaşları ilə qəbulu keçirdi.
İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yardımlı şəhəri Heydər Əliyev Mərkəzində Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Qəbul zamanı müraciətlər əsasən dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təmiri, məscidlərdə Qurani-Kərimin təlimi ilə bağlı mədrəsələrin açılması və digər məsələlərlə bağlı olub. Komitə sədri Mübariz Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll olunması barədə müvafiq tapşırıqlar verib.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.