“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. İlk öncə faciə qurbanlarının və Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.
Sonra çıxış edən RİH başçısının müavini Əfsanə Məmmədova bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu Öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. Ə.Məmmədova Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanında möhtəşəm abidə kompleksinin ucaldıldığını söyləyib.
Digər çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıblar. Bildirilib ki, xalqımız bu faciəni heç zaman unutmayacaq. Yekun olaraq tədbir iştirakçıları Mərkəzdə təşkil olunan "Qanlı Yanvar - 33!" başlıqlı sərgi ilə tanış olublar.