20 Yanvar şəhidlərinin xatirəsi anıldı.
Yardımlı rayonunda 20 Yanvar faciəsi qurbanlarının 34–cü ildönümü dərin ehtiramla yad edilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, YAP Yardımlı Rayon Təşkilatının sədri və şəhid ailələri Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
İlk öncə Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra RİH başçısı Ayaz Əsgərov çıxışında 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğu, məhz bu tarixdən qısa müddət sonra ölkəmizin müstəqilliyini bərpa etdiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Çünki 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
Gün ərzində rayon sakinləri tərəfindən Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzərək sonsuz ehtiramlarını bildiriblər.
20 Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.