Cəlilabad-Yardımlı avtomobil yolu yenidən qurulur
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq istismar müddətini başa vurmuş və avtomobillərin hərəkəti üçün yararsız vəziyyətə düşmüş Cəlilabad-Yardımlı avtomobil yolu yenidən qurulur.
80-ə yaxın dağ kəndlərinin ərazisindən keçən yeni yolun tikintisi başa çatdıqdan sonra Cəlilabad rayonundan Yardımlı rayonuna gedən məsafə 30 kilometr qısalacaqdır.
Layihə-smeta dəyəri 82 milyon manat olan yolun 51 kilometri Cəlilabad, 21 kilometri isə Yardımlı rayonunun ərazisindən keçəcəkdir.
Eni 12 metr, asfalt hissəsi 7 metr olan yolun ilk beş kilometri üçüncü, qalan hissəsi isə dördüncü dərəcəyə uyğun tikilir. Asfaltın ümumi qalınlığı 22 santimetr olmaqla üçqat olacaqdır.
Tikinti işlərinə 100-dən çox işçi qüvvəsi, 50-yə yaxın maşın və mexanizm cəlb edilmişdir.
Artıq yolun 25 kilometrlik hissəndə torpaq işləri başa çatmışdır. Hazırda yola asfalt döşənməsi işi davam etdirilir.
Cəlilabad-Yardımlı avtomobil yolunun bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.