Əhalinin tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2016-cı il fevralın 15-dən respublikamızda həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsi kampaniyası Yardımlı rayonunda yüksək mütəşəkkilliklə davam edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üçün konkret gün müəyyən olunmuşdur.
Sakinlər rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində yüksək ixtisaslı, təcrübəli həkim-mütəxəssislər tərəfindən hərtərəfli tibbi müayinələrdən keçirilir. Xəstəxananın kollektivi bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Tibbi müayinələr nəticəsində hər hansı xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
Tibbi müayinədən keçən sakinlər yaradılan şəraitdən, işin təşkilindən razılığını bildirir, növbəti humanist addıma – hər bir vətəndaşın sağlamlığına yüksək diqqətinə və qayğıkeş münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.Tibbi müayinə aksiyası mayın 2-dək keçiriləcəkdir.