Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yardımlıda vətəndaşlarla görüşdü.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 may 2016-cı il tarixində Yardımlı rayonunda Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Qəbuldan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Qəbulda müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub.
Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub. Görüşdə səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.