Vərov kəndinə də içməli su verildi.
10 avqust 2016-cı il tarixdə Vərov kəndinə içməli suyun verilməsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulamışdır: Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan vermiş və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Vərov kəndində istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir.Natiq çıxışında çətin relyefə malik kəndlərin içməli su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandırmış, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə Millət vəkili Musa Qasımlı və Azərsu ASC Birləşmiş Su-kanal MMC-nin I müavini Vəli Həsənov təbrik nitqlərində regionlarda gedən tikinti quruculuq işlərindən danışıb, kəndə çəkilən su xəttini həmin proseslərin bir hissəsi kimi dəyərləndirdilər. Qeyd etdilər ki, ölkə Prezidenti İlham Əliyev cənabları xalqın həyat şəraitinin yaxşılaşmasına yönəlik layihələrin sürətlə həyata keçirilməsinə çalışır və bu istiqamətdə mühüm işlər görülüb. Natiqlər Azərbaycan Prezidentinin məşhur “Su həyatdır, təmiz su isə sağlam həyatdır” kəlamını xatırladıb, sakinlərə çəkilən yeni su xəttindən xeyir işlərdə istifadə etməyi arzuladılar.
Kənd sakinləri adından çıxış edən İmanov Ümüdxan layihənin reallaşmasında bütün xidməti olan insanlara minnətdarlıq hisslərini ifadə edib, su xəttini ölkə Prezidenti cənab İlham Əliyevin Vərova hədiyyəsi kimi dəyərləndirdi.
Digər kəndlərə də içməli suyun verilməsi üçün çəkiliş işləri davam edir.