Kontakt-Karate üzrə 22-ci Respublika Çempionatından uğurlu nəticələrlə qayıtmış gənc idmançılarla görüş keçirildi.
30 mart 2017-ci il tarixdə Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Kontakt-Karate üzrə 22-ci Respublika Çempionatından uğurlu nəticələrlə qayıtmış gənc idmançılarla görüşüb.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov təbrik nitqində öncə Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasından danışmış, ölkəmizdə beynəlxalq miqyaslı yarışların uğurla keçirilməsini xatırlatmış, idmançılarımızın uğurlarını qeyd etmiş və idmanın inkişafına dövlət qayğısı ilə tikilən olimpiya idman mərkəzlərini dəyərləndirmişdir. Vurğulamışdır ki, Yardımlıda da idman uğurla inkişaf edir, yeni idmançılar nəsli yetişir ki, artıq onlar ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirak edə bilirlər.
Rayon rəhbəri, həmçinin idmançıların məşqçisi müəllim Nazim Rzayevin əməyini də dəyərləndirmişdir.
Rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov çempionatda çıxış edən idmançılar haqqında məlumat verərək bildirmişdir ki, yarışlarda rayonumuz 5 idmançı ilə təmsil olunub. Onlardan 70 kq çəkidə döyüşən Valeh Sahratlı, müvafiq olaraq 25 və 40 kq çəki dərəcələrində Rafət Nəcəfli və Rabil Qiyaslı 1-ci yerləri, 80 kq çəki dərəcəsində Səfalı İbrahimli 2-ci yeri, 60 kq çəki dərəcəsində Orxan Əliməhəmməd isə 3-cü yeri tutmuşlar.
Görüşdə idmançılara qiymətli hədiyyələr və mükafatlar təqdim olundu.