Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.

20 aprel 2018 | 16:00

20 aprel 2018-ci il tarixdə Yardımlı rayon İcra hakimiyyətinin Akt  zalında 2018-ci ilin birinci rübündə Yardımlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  bildirmişdir ki, ötən müddətdə rayonumuzda kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının əsaslı tikinitisi, əhalinin içməli su ilə təmini, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrası uğurla həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. 
Məlum olduğu kimi, Ölkə Prezidenti İlham Əliyev 4 sentyabr tarixdə Cəlilabad –Yardımlı yerli əhəmiyyətli avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncam imzalamışdır. Artıq, Sırıq kəndindən Ərus kəndi istiqamətində 6 km məsafədə suötürücü qurğular quraşdırılmış, torpaq işləri görülərək yolun eni 10 metr genişləndirilmişdir.
Ötən ildə rayonda mövcud 9 ədəd çoxmənzilli  yaşayış binalarında dam örtüyü dəyişdirilmiş, yararsız vəziyətdə olan  pilləkənlər dəmir beton və taxta pillələrlə yenilənmiş, xarici divarlarda, eləcə də  blok və daxili divarlarda suvaq və rənglənmə işləri aparılmış, qapı və pəncərələr plastik qapı və pəncərə ilə əvəz olunmuş, həyətyanı sahə çınqıl örtüklə döşənmiş, binaların ətrafında mişar daşı və dəmir-beton konstruksiyadan ibarət istinad divarı tikilmişdir.  
Şəhid ailələri üçün, eləcə də təbii hadisələr səbəbindən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərin tikintisi işləri davam etdirilmişdir. Hazırda, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən üç şəhid ailəsi üçün birmərtəbəli müasir evlər inşa olunur. Təbii-texnogen hadisələrin təsirindən qəzalı vəziyyətə düşmüş  rayonun 4 yaşayış məntəqəsində 6 fərdi yaşayış evinin tikintisi davam etdirilir. Yaxın aylar ərzində sakinlərin istifdəsinə veriləcəkdir.
Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində işlər davam etdirilmişdir. Yardımlı şəhərində su və kanalizasiya xətlərinin çəkilişi davam edir. May ayının sonuna kimi şəhər  əhalisi içməli su ilə təmin olunacaqdır. İyul  ayının sonuna kimi isə kanalizasiya xəttinin tam istifadəyə verilməsi planlaşdırılıb. 
Bir çox kəndlərimiz var ki, həqiqətən, içməli sudan əziyyət çəkirlər. Əhali içməli su təlabatını digər yerlərdən maşınlarla daşımaqla həll edirlər və belə məsələlərin həlli mühüm məsələ kimi daim diqqətimizdə saxlanılmışdır. Sineyir-Separadi magistral su xəttindən hazırda, 9 yaşayış məntəqəsində 6 min 500 nəfər əhali istifadə edir. 
Onu da nəzərinizə çatdırım ki, Yolocaq kəndində inşa olunmuş su anbarı su mənbəyinə yaxın hündürlükdə tikildiyi üçün, xüsusilə yay mövsümündə anbara su vermək qeyri-mümkün olur. Odur ki, rayon Sukanal idarəinə tapşırıq verilmişdir ki, su xətti Yolocaq kəndinin mərkəzinə çəkilsin və kəndin mərkəzi hissəsində su anbarı tikilsin.
2018-ci ildə rayon üzrə 14 milyon 993 min manatlıq  ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə müqayisədə 12 % çoxdur. 
253 min 500 manatlıq sənaye,  6 milyon 76 min  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə  5 milyon 442 min  manatlıq ticarət, 330 min 200   manatlıq nəqliyyat və 103 min 200 manatlıq rabitə xidməti göstərilmiş,  2 milyon 788 min manatlıq tikinti həyata keçirilmişdir. 
Adambaşına düşən məhsul istehsalı  226,2  manat olmuşdur.
       Rayon üzrə orta aylıq əmək haqqı 299,8 manatdır.
       2018-ci ilin birinci rübü ərzində 1 nəfər hüquqi və 46 nəfər fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Ümumilikdə rayonda 5 min 572 nəfər sahibkarlıq subyekti qeydiyyatdadır ki, bundan 5 min 129-u fiziki şəxs, 443-ü isə hüquqi şəxslərdir. 
Rayonumuzun sakinlərinin gəlir mənbəyi əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıqla  bağlıdır.
2017-ci ilin payızında 2018-ci ilin məhsulu üçün  3 min 418 hektar sahədə payızlıq taxıl bitkiləri  -3 min 183 hektar sahədə  payızlıq buğda, 148 hektar sahədə payızlıq  arpa, 87,0  hektar sahədə  isə  vələmir  əkilmişdir.
Payızlıq bitkilərin 3 min 177 hektarı əhali təsərrüfatları, 241 hektarı isə fermer, kiçik müəssisələr və kooperativ təsərrüfatları tərəfindən əkilmişdir.
2018-ci ilin məhsulu üçün rayon üzrə 781,5 hektar sahədə yazlıq əkini aparılmışdır.  216 hektar sahədə dənli və dənli paxlalılar, 460 hektar sahədə  kartof, 105,5 hektar sahədə müxtəlif növ tərəvəz bitkilər əkilibdir. Tərəvəz bitkilərinin əsasını yəni, 32,5 hektarını sarımsaq sahəsi təşkil edir.
Rayonun 139 fermer təsərrüfatı olduğu halda “Mehdi” kəndli fermer təsərrüfatı istisna olmaqla, qalan təsərrüfatlarda yazlıq bitkilər əkini aparılmamışdır.
Rayonda son illərdə əkin sahələrinin artması səbəbindən, məhsul  istehsalçılarının kənd təsərrüfatı təmayüllü texnikalara olan tələbatı da artmışdır. 
Rayon üzrə 67 ədəd saz vəziyyətdə olan şum traktorları, 4 ədəd taxıl biçən kombayn vardır ki, şum traktorlarının  21 ədədi,  taxılbiçən kombaynın isə 1 ədədi lizinq yolu ilə alınmış yeni texnikalardır.
Əsasən taxıl istehsalçıları taxıl biçini vaxtı kombayn çatışmazlığından şikayətlənirlər və mən onların şikayətini haqlı hesab edirəm. Əgər vətəndaşın əkin sahəsi kombaynın işləməsi üçün əlverişlidirsə, vaxtında biçilməlidir. Rayon kənd təsərrüfatı idarəsi bu işlərdə tam məsuliyyət daşıyır, taxıl biçini üçün sakinlər vaxtında texnika ilə təmin olunmalıdır. İdarə indidən bu kimi məsələləri həll etməlidir. 
        Rayonumuzda buğda istehsalçıları tərəfindən yüksək məhsuldarlığa  malik elit toxum növləri demək olar ki, əkilmir. İstehsalçılar hər il əkdikləri taxıldan ehtiyat toxum kimi istifadə etdiklərindən,  hektara  məhsuldarlıq aşağı olur. İqlim şəraitinə  uyğun elit toxum növlərinin rayona gətirilməsi üçün özəl toxumçuluq təsərrüfatı yaradılması vacib məsələdir. 
        Rayonda son illərdə taxıl sahələrində aparılmış müşahidələr zamanı ziyanvericilərin çox  olması müəyyənləşdirmişdir. Ziyanvericilərə qarşı aparılmış proflaktik tədbirlərə baxmayaraq, hələ də, sahələrdə ziyanvericilər qalmaqdadır. Əlbəttə ki, bu səbəbdən taxıl  sahələrinə ciddi ziyan dəyir,  məhsuldarlığa  mənfi təsir göstərir.
         Cari ildə 50 hektar sualtı  sahədə “Verçiniya” növü olan tütün əkini aparılması nəzərdə tutulmuşdur. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən əkinçilərə əvəzsiz olaraq toxum paylanmışdır. Onlar tərəfindən şitilliklər salınmış, şitilliklər mütəxəssislər tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır, hazırda toxumun çıxışı normal müəyyənləşdirilmiş və yaxın günlərdə sahələrə köçürüləcəkdir.
Birinci rübdə rayonda heyvandarlığın  və heyvandarlıq məhsullarının istehsalı  2017 –ci  ilin müvafiq dövrinə müqayisədə artmışdır. 
         01 aprel 2018-cı il vəziyyətinə rayonda 28 min 579 baş iri buynuzlu mal-qara mövcuddur. Xırda buynuzlu heyvanların sayı isə 87 min 714 başdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 176 baş mal-qara, 2 min 573  baş qoyun və keçilərin sayı çoxdur.
Rayonda 80 ümumtəhsil müəssisələrində 7 min 149  nəfər şagirdin təlim-tərbiyəsi ilə 1058 nəfər müəllim məşğul olmuşdur. Onlardan, 810 nəfəri ali, 246 nəfəri orta-ixtisas təhsillidir. Müəllimlərdən 5 nəfəri “Əməkdar müəllim” və 7 nəfəri isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Tədbirdə rayon su-kanal sahəsinin rəisi F.Babayev, rayon elektrik şəbəkəsinin rəisi C.Cavadov və başqaları çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.

Keçidlər