Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya səfiri Yardımlı rayonunda səfərdə oldu.

19 fevral 2019 | 16:00

19 fevral 2019-cu il tarixdə Yaponiya Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katori Yardımlı rayonuna səfərdə olmuşdur.
Səfər ərzində səfiri Yaponiya Respublikasının Azərbaycanda səfirliyinin birinci katibi Usui Takaaki və  səfirliyinin əməkdaşı Gülşən Ağayeva müşayiət edirdi.
Azərbaycanda həyata keçirilən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində rayonun Porsova “Həkim Məntəqəsinin Tikintisi” layihəsinin qrant müqaviləsinin imzalanması məqsədi daşıyan səfər çərçivəsində Heydər Əliyev Mərkəzində səfir cənab Teruyuki Katori və rayon icra hakimiyyəti başçısı cənab Ayaz Əsgərov arasında görüş keçirildi.
Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və  son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı. Bildirdi ki, ötən müddət ərzində iki ölkə arasında səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirilmiş, çox yüksək səviyyədə münasibətlər qurulmuş, Yaponiyanın Səfirliyi tərəfindən Yaponiyanın Rəsmi İnkişafa Yardım Proqramı (ODA) çərçivəsində güzəştli kreditlər, qrant yardımı layihələri həyata keçirilmişdir.
2014-2018-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Səfirlik tərəfindən də Azərbaycanda bir sıra fəaliyyət və layihələr həyata keçirilmişdir. Həmçinin neft və qaz sektorunun modernləşdirilməsi, qeyri-neft sektorunun diversifikasiyası, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sektorların inkişaf etdirilməsi üzrə layihələr icra edilmişdir.
Başçının və səfirin çıxışından sonra səfir Teruyuki Katori ilə tərəfdaş təşkilat olan “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev arasında rayonun Porsova kəndində  tibb məntəqəsinin tikintisi barədə qrant müqaviləsi imzalandı.

Keçidlər