Təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olundu
Martın 28-də RİH-nin Akt zalında Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldükdən sonra mərasim başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirmişdir ki, bu gün ölkəmizin Dövlət Təhlükəsizliyi Xidməti orqanları sabitliyin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına mühüm töhfə verən amillərdir. Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
Tədbirdə çıxış edən DTX-nın rayon şöbəsinin rəisi Elsevər Cəfərov bildirmişdir ki, Azərbaycan təhlükəsizlik orqanları şərəfli bir inkişaf yolu keçmişdir. Ulu Öndərimiz Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarının Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirdi.
Ulu öndərimiz ölkəmizin milli maraqlarının qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini nəzərə almış, onların fəaliyyətinə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, eyni zamanda müstəqil Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas prioritetlərini müəyyən etmişdir. Bütün bunlarla yanaşı, dahi şəxsiyyət xüsusi xidmət orqanlarının fəaliyyətində köklü islahatlar həyata keçirmiş, kadr potensialının daim yeniləşdirilməsi üçün Milli Təhlükəsizlik Akademiyasını təsis etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənmab İlham Əliyev də Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının fəaliyyətinə xüsusi qayğı ilə yanaşır, bu qurumun daha da gücləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir ki, bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, Konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Tədbirdə RİH başçısı Ayaz Əsgərov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının əməkdaşlarını bir daha yubiley münasibətilə təbrik etmiş, onlara işlərində yeni-yeni nailiyyətlər arzulamışdır.