2019-cu ilin birinci rübündə Yardımlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Mayın 17-də Yardımlı rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirmişdir ki, aprelin 30-da möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı ötən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirmişdir.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Yardımlı rayonunda da regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla inkişaf etməkdədir. Bölgələrin hərtərəfli inkişına əsas zəmin yaradan infrastruktur sahələrindən ən əsası yol infrastrukturunun yaradılması ilə sıx bağlıdır. Əlbəttə ki, yolların əsaslı yenidən qurulmasından sonra, rayonumuzun bir neçə yaşayış məntəqələrində Azərbaycan Respublikasında Turizmin inkişafına dair və eləcə də, Azərbaycan Respublikasında Sahibkarlığın inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərdən turizm və rekreasiya obyektləri salınmış, sahibkarlıq subyektlərinin sayı artmışdır.
Bildiyiniz kimi, cənab İlham Əliyevin 4 sentyabr tarixdə imzaladığı sərəncamla, Cəlilabad-Yardımlı yerli əhəmiyyətli avtomobil yolunun Yardımlı rayonu ərazisinə daxil olan, uzunluğu 21 km-lik hissəsi tam, əsaslı tikilimiş və artıq əhali bu yoldan istifadə edir. Cənab Prezidentin növbəti dəfə, 28 noyabr tarixli sərəncamı ilə əhalisinn sayı 20 min nəfər, uzunluğu 22 km və 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Bozayran-Bürzümbül-Vərgədüz-Sırıq yerli əhəmiyyətli avtomobil yolunun əsaslı tikintisi başa çatmaq üzrədir. Sırıq və Vərgədüz kəndləri arasında, Viləş çayı üzərində eni 12 və uzunluğu 31 paqonometr, yük götürmə qabiliyyəti 100 ton olan müasir körpü inşa olunmuşdur. Yolun tikintisində son tamamlama işləri aparılır. Həmin yol üzərində olan Osnakəran kəndində, kənddaxili 0,8 km yol yaxın ay ərzində asfaltlaşdırılacaqdır.
Cənab Prezidentin sərəncamı ilə Şıxlar kəndində 80, Bilnə və Avun kəndlərində 56 şagird yerlik modul tipli məktəbin tikintisinə vəsait ayrılmış və hər üç məktəbdə tikinti işləri yekunlaşmaq üzrədir. Əlavə olaraq 120 şagird yerlik Qaraqaya məktəbində də tikinti işləri davam edir.
Şəhərin Heydər Əliyev küçəsində müasir idman kompleksinin tikintisi işləri sürətlə aparılır və 2019-cu ildə istifadəyə veriləcəkdir.
Yardımlı şəhərində də quruculuq işləri davam etməkdədir. 20 yanvar küçəsində 1,5 km məsafədə 60 küçə işıqları quraşdırılmış, hazırda işlər davam edir və yaxın günlərdə istifadəyə veriləcəkdir. “Heydər Əliyev”, “Gənclər” və “İstirahət park”larında yeni ağac növləri əkilmiş, fəvvarələrdə və parkın ərazisində təmir-tikinti işləri aparılmışdır. Əlavə oalaraq, rayon icra hakimiyyəti və ekologiya təbii sərvətlər nazirliyinin təşəbbüsü ilə, parklarda və yol kənarlarında 2 minə yaxın müxtəlif növ ağaclar əklimişdir. Əklimiş ağaclara rayon Yaşıllaşdırma idarəsi tərəfindən aqrotexniki qulluq göstərilir.
Rayonda abadlıq-quruculuq işlərinin, eləcə də Qaz, Elektrik şəbəkəsində işlərin daha da operativ həyata keçirilməsi və işsizliyin aradan qaldırılması məqsidilə Cənab Prezidentin qayğısı sayəsində rayonda adları sadalanan sahələrdə, ümumilikdə 309 ştat ictimai iş yerləri açılmışdır.
Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icarsı istiqamətində rayonumuzda da işlər həyata keçirilmişdir. Əlbətdə ki, yaşayış məntəqələrinin inkişafı bu xidmətlərdən daha çox asılıdır.
Yardımlı şəhərində əhalinin içməli suya olan tələbatının ödənilməsi, kanalizasiya xətlərinin çəkilişi və avadanlıqların quraşdırılması işləri tam başa çatdırılmış və istismara verilmişdir. 1647 abonentə su xətti çəkilmiş, sayğaclar quraşdırılmışdır, 650 abonentin isə kanalizasiya xəttinə birləşmələri üçün ev çıxışları verilmişdir. Qeyri-əhali abonentlərin də mərkəzləşdirilmiş kanalizasiya xətlərinə birləşdirilməsi məqsədilə əhali arasında maarifləndirmə işləri aparılmış, bildirişlər paylanılmışdır. Lakin, bu işlər ləng icra olunur. Bəzi hallarda isə çirkab sular Viləş çayına axıdırlır ki, bu da yolverilməzdir. Su-kanal sahəsi abonentlərin qısa müddətdə kanalizasiya şəbəkəsinə birləşməsini təmin etməli və ya qanuna müvafiq inzibatı tədbir görməlidir.
Ölkə Prezidentinin sərəncamı ilə əhalisinin sayı 3 min 300 nəfər olan rayonun Alçabulaq, Gavran və Qabaqdibi kəndilərinin hər birində bir ədəd olmaqla artezian quyu qazılması planlaşdırılıb ki, hazırda Gavran kəndində qazma işləri yekunlaşmaq üzrədir. Yaxın ay ərzində Qabaqdibi və Alçabulaq kəndlərində qazma işlərinə başlanılacaqdır.
Qazlaşma ilə əlaqədar da bir sıra işlər görülmüşdür, hazırda, rayonda qazlaşma yaşayış məntəqələri üzrə 15 faiz, abonentlər üzrə 32 faiz təşkil edir.
Elektrik təsərrüfatında dayanıqlığın həyata keçirilməsi, əhaliyə fasiləsiz elektrik verilişinin təmini məqsədilə işlər davam etməkdədir. Elektrik Şəbəkəsində rüb ərzində hər iki yarımstansiyadan qidalanan yüksək gərginlikli və abonent xətlərində 92 ədəd 10 kilovoltluq və 100 ədəd 0\4 kilovoltluq dəmir dayaqlar, 1500 metr SİP kabel istifadə olunmuş, 200 ədəd abonent üçün smartkart tipli sayğac quraşdırılmış, Çayüzü kəndində sıradan çıxmış transformator qısa müddətdə yenisi ilə əvəz olunmuşdur. Mal-materialın yerlərə daşınması istiqamətində inzibatı ərazi dairəsi üzrə nümayəndələr, eləcə də, kənd sakinləri elektrik şəbəkəsinə yaxından köməklik göstərirlər.
2019-cu il ərzində 15 yaşayış məntəqəsində (Mİşkreyn, Qabaqdibi, Dəryavar, Sırıq, Peştəsər, Fındıqlı Qışlaq, Bürzünbül, Şəfəqli, Arvana, Deman, Köryədi, Bozayran, Separadi, Yolocaq və Teşkan) elektrik təsərrüfatının əsaslı təmiri nəzərdə tutlmuşdur ki, işlərə yaxın vaxtlarda başlanılacaqdır.
Eyni zamanda, elektrik şəbəkəsi tərəfindən də kiçik yaşayış məntəqələrində artıq əsaslı təmirə başlanılmış, hazırda, Honuba Şıxlar və Zeynələzir kəndlərində kabelləşmə işləri davam edir.
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi və İKT-dən təhsil sistemində istifadə edilməsi ilə əlaqdar tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu işlərlərin icrası ilə əlaqədar bildirim ki, rayonda əksər idarə-müəssisə və təşkilatlarda elektron sənəd dövriyyəsi sistemi yaradılmış, vətəndaşlar istədikləri zaman heç bir təşkilatlara getmədən öz evindən onlayn qaydada müraciətlərini edə bilərlər. Bu baxımdan, Yardımlı rayon icra hakimiyyətində artıq bir neçə vaxtdır ki, bu sistemin tətbiqinə başlanılmışdır.
Rayonumuzun bütün sahələrdə dinamik inkişaf, nəticə etibarı ilə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və rayonun iqtisadi göstəricilərinin də artmasına səbəb olmuşdur.
2019-cu ilin birinci rübü ərzində rayon üzrə 16 milyon 432 min 300 manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin dövrünə müqayisədə 1,7 % çoxdur.
6 milyon 767 min 800 manatlıq kənd təsərrüfatı məhsulları -ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1%, əhaliyə 5 milyon 710 min 500 manatlıq ticarət- ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3%, 348 min 300 manatlıq nəqliyyat- ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çox, 89 min 700 manatlıq rabitə xidməti -ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2%, 253 min 300 manatlıq sənaye - ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% az olaraq həyata keçirilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3 milyon 262 min 700 manatlıq tikinti işləri- ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% az olmuşdur.
Adambaşına düşən məhsul istehsalı 244,5 manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Orta aylıq əmək haqqı 336,6 manat olmuşdur, ötən illə müqayisədə 10,8% çoxdur. Rayonun ümumi əhalisinin sayı 67 min 199 nəfərdir. Rüb ərzində 91 nigah, 11 boşanma qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7 fakt, boşanma isə 7 fakt artmışdır.
Biz, rayon icra hakimiyyəti olaraq, əhalinin sahibkarlığa cəlb olunması istiqamətində onlara yaxından köməklik göstəririk. Belə ki, səyyar görüşlərdə və qəbullarda əhalinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları barədə tövsiyələr verir, aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, rayonda sahibkarlıqla məşğul əhalinin sayı hər il artmaqdadır. Onlar ticarət, iaşə və turizm xidməti, əsasən də, heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olurlar, onların iş fəaliyyətinin genişləndirilməsi üçün heç bir maneə yoxdur.
Bu sahənin inkişaf etdirilməsinə Qeyri Hökumət Təşkilatı da cəlb olunmuşdur. Bunlardan biri “SEDA” təşkilatıdır. Təşkilat tərəfindən bələdiyyə üçün Sırıq kəndində gündəlik istehsal gücü 1,5 ton olan, heyvan və quşlar üçün “Yem emalı məntəqəsi”, Gavran kəndində isə aylıq istehsal gücü 2 min 400 ədəd yumurta olan “İnqubator məntəqəsi” inşa olunmuş, hər iki məntəqə yaxın günlərdə istifadəyə veriləcək, məntəqələrdə 6 nəfər iş yeri yaradılacaqdır.
2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 3 min 441 hektar sahədə payızlıq taxıl bitkiləri əkilmişdir. Bunun 3 min 191 hektarı payızlıq buğda, 124 hektarı payızlıq arpa və 126 hektarı isə çovdar sahəsidir.
2019-cu ilin məhsulu üçün rayon üzrə 694 hektar sahədə yazlıq əkin aparılmışdır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 % azdır. Əkin sahələrinin 143 hektarı dənli və dənli paxlalılar, 453 hektarı kartof, 98 hektarı müxtəlif növ tərəvəz bitkiləridir. Hazırda sahələrdə yazlıq əkinlər davam edir.
Tütünçülüklə məşğul olan ailə kəndli təsərrüfatları toxumları əvvəlki ildə olduğu kimi, digər regionlardan satın almır, özləri tərəfindən hazırlanır. Hazırda, şitilliklər salınmış və yaxın günlərdə sahələrə köçürülməsi işləri başlanacaqdır. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, tütünçülük sahəsində çalışanların sayının ötən illə müqayisədə artmasına səbəb olmuşdur. 55 hektar sahədə “Vircinia” tütün növü əkiləcəkdir. Sahələrə aqrotexniki qulluq vaxtında icra olunmalıdır və bu işlərə rayon dövlət aqrar inkişaf mərkəzi nəzarət etməli, lazımi dəstək göstərilməlidir.
Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuşdur. İcra hakimiyyəti tərəfindən sosial müdafiəsi zəif və imtiyazlı ailələrə, umumilikdə, rüb ərzində 306 nəfərə 15 min manatlıq ərzaq yardımı, bu qəbildən olan 111 nəfərə 11 min 600 manat pul yardımı göstərilmişdir.
Cənab Prezidentin təsdiq etdiyi islahatlar paketinə uyğun olaraq birinci rübdə mart-aprel aylarında pensiya və müavinətlər artırılmışdır. Rayonumuzda bu artım 12 min 435 nəfər əhaliyə şamil olunmuşdur.
Rayonda 80 ümumtəhsil məktəblərində 6 min 947 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1157 nəfər müəllim məşğul olmuşdur.
17 mart 2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil məktəblərinin 9-cu sinifləri üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilmiş və 590 nəfər şagirddən 572 nəfəri imtahanda iştirak etmişdir. 21 aprel 2019-cu il tarixdə 11-ci siniflər üzrə buraxılış imtahanlarında 631 nəfər şagirddən 586 nəfəri iştirak etmişdir. Müxtəlif səbəblərdən 9-cu siniflər üzrə 18 şagird, 11-ci siniflər üzrə isə 45 nəfər şagird imtahanlarda iştirak etməmişlər.
Əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində də bir sıra işlər həyata keçirilmişdir. Rayonumuzda 1 mərkəzi rayon xəstəxanası, 2 kənd sahə xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 11 fevral- 10 may 2019-cu il tarixlərdə əhalinin tibbi müayinəsi keçirilmiş, müayinəyə 18 yaşdan yuxarı 26 min 72 nəfər cəlb edilmişdir, onlardan, 23 min 313 nəfər sağlam, 2 min 523 nəfər ambulator, 182 nəfər stasionar, 54 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
Tədbirdə Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor əvəzi Şahlar Əliyev, Elektrik Şəbəkəsinin rəisi Vaqif Mirzəyev, Məşğulluq Mərkəzinin direktoru Fikrət Qəhramanov və başqaları məruzə ətrafında çıxış etmişlər.
Şura iclasında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edərək cənab Prezidentin rəhbərliyi altında son 15 ildə görülmüş işlər barədə geniş məlumat vermişdir.