YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
23 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon təşkilatının gənc üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər-gül dəstələri düzdülər.
Konfransda iştirak edən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə, çağırışlarla üz-üzə qalmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı: “Bütün işlər Azərbaycanın gələcəyi və gəncliyi üçün görülürdü. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirməyə xidmət edirdi”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, diqqəti o zamankı siyasi vəziyyətə yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində xalqımızın düşdüyü son dərəcə çətin vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Yaranmış vəziyyətdə müstəqilliyimizi və dövlətçiliyimizi yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan bölünmək təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Sevindirici haldır ki, hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır.
Konfransda çıxış edən gənc fəallar ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin 21 nəfərdən ibarət Şurasının və 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, səsvermə nəticəsində Mahmudova Əfsanə Bayram qızı YAP Yardımlı rayon Təşkilatının Gənclər Birliyinin sədri seçilib. Konfransda YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.