Yardımlı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
25 fevral 2020-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində 2019-cu ildə Yardımlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu inkişafından, rayonumuzda həyata keçirilən infrastruktur layihələrin icrası, eləcə də qazanılmış nailiyyətlərdən , ötən hesabat dövründə sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və ya təmiri, əhalinin içməli su ilə təmini, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrasının həyata keçirilməsindən geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev çıxış edərək bildirmişdir ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatın əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi tapşırılmışdır.
Daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər.
Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.