Yardımlı rayonunun Pirembel kənd sakini Xurşidov Zeynal Amət oğlu və onun yaxın qohumları RİH başçısı və müavinlərinin qanunsuz hərəkətləri barədə verdiyi video müraciət heç bir həqiqəti əks etdirmir.
04 may 2020-ci il tarixdə Arzu İsmayilova adlı internet istifadəçinin səhifəsində Pirembel kənd sakini Xurşidov Zeynal Amət oğlu RİH başçısı və müavinlərinin qanunsuz hərəkətləri, onun əmisi oğlanları Xurşidov Cavanşir Mirzəyar oğlu xəstə uşağına pensiyanın təyin olunmaması, Hüseynov Umud Mirsalam oğlu kənddə işıq verilməsində fasilələrin yaranması və təbii qazın olmaması, RİH başçısı və müavinlərinin qanunsuz hərəkətləri barədə video-material yayılmışdır.
Video-materialı “Azad AzTv” və “Azadlıq Həsrəti” adı ilə tanınan Yardımlı şəhər sakini Cəlil Zabidov yaymışdır. O, daim rayonun vəzifəli şəxsləri barədə sosial şəbəkələrdə şər-böhtan xarakterli məlumatlar verməklə məşğul olur. Cəlil Zabidov dövlətə və dövlətçiliyin əlehinə çıxışlarına görə Yardımlı RİH tərəfindən məhkəməyə verilmişdir və hazırda iş məhkəmə icraatındadır.
Xurşidov Zeynal Amət oğlu vaxtilə AXCP üzvü olmuş, Pirembel kəndində kolxoz sədri, “Kommunizm” sovxozunda mühasib vəzifəsində işləmişdir. Sonradan YAP sıralarına keçmiş, 2005-2011-ci illərdə RİH başçısının Pirembel İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir, hazırda dövlət qulluğu pensiyaçısıdır. Zeynal Xurşidovun qardaşı Ağasəf Xurşudov İran İslam Respublikasının Qum şəhərində dini təhsil almış, hazırda Bakı şəhərinin Qaradağ rayonunun Xocasən qəsəbəsində yaşayır. Onun digər qardaşı Niyaməddin Xurşidov İraq və Suriyada dini təhsil almış, hazırda Pirembel kəndində yaşayır. Zeynal Xurşidovun oğlu Elməddin Xurşidov “Musavat” partiyasının üzvü olmuş, sonradan müxalifət fəalı kimi Almaniyadan sığınacaq almış və hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayır, cənab Prezidentin əleyhinə Avropada keçirilən tədbirlərin fəal iştirakçısıdır. Xalası oğlu Ağaseyid Hüseynov AXCP Xətai rayon şöbəsinin sədridir.
Zeynal Xurşidov Pirembel kəndində qeydiyyatda olan və orada yaşayan qardaşı Niyaməddin Xurşidova rayondakı 51 saylı Yol İstismar MMC-də iş istəyir. O, bundan əvvəlki müraciəti ilə əlaqədar RİH başçısının birinci müavini tərəfindən qəbul edilmiş, ona müvafiq izahat verilərək bildirilmişdir ki, hazırda 51 saylı Yol İstismar idarəsi MMC-də boş iş yeri yoxdur. Qardaşı rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatdadır, növbəlilik əsasında münasib işlə təmin ediləcəkdir.
Xurşidov Cavanşir Mirzəyar oğlu ünvanlı dövlət sosial yardım alır. Xəstə uşağının müalicəsi ilə bağlı RMX müraciət etmiş və həkimlər tərəfindən lazım olan tibbi yardım göstərilmişdir. Lakin pensiya təyin olunması ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir.
Hüseynov Umud Mirsalam oğlu Pirembel kənd tam orta məktəbində uşaq yaradıcılıq birliyinin rəhbəri vəzifəsində işləyir, şəxsi təsərrüfatında üç iribuynuzlu mal-qarası vardır. Elektrik enerjisinin verilişində fasilələrin olması ilə bağlı bildiririk ki, fövqəladə hadisələr və elektrik xəttlərində qəzalar olmadıqda rayonun bütün kəndləri kimi Pirembel kəndi də gün ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Rayonun təbi qazla təmin olunmayan bütün yaşayış məntəqələrinə, Pirembel kəndi də daxil olmaqla təbii qaz xəttinin çəkilişi Dövlət proqramında nəzərdə tutulmuşdur.