Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.
Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir.
Dövlətimizin başçısı vurğulayıb ki, yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb və bu, onu göstərir ki, bu sahədə çox böyük irəliləyiş var. “Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Hesab edirəm ki, maksimum il yarım–iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda, imkan verir ki, istənilən vəzifə icra edilsin. Bir də ki, bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Ordu quruculuğu bizim üçün prioritet məsələdir. Bu, təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir”, - deyə Prezident qeyd edib. İndiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq. Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü.
Dövlətimizin başçısı deyib: “Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.