Yardımlıda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir
Fevralın 19-da Yardımlı Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) fəalları ilə görüş keçirildi. Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, deputatlar Mübariz Qurbanlı, Hadi Rəcəbli, Cavanşir Paşazadə və Nəriman Əliyev iştirak etmişlər.
YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bildirmişdir ki, 2 min 860 nəfər üzvü və 61 ərazi ilk partiya təşkilatını birləşdirən siyasi təşkilat rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edir. Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq bu il xalqımız ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini təntənə ilə qeyd edəcəkdir. Bu il, həmçinin ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Qarşıda duran əsas vəzifə YAP üzvlərinin ulu öndərin irsini layiqincə öyrənmək və həyata keçirmək, qarşıdan gələn prezident seçkilərində fəallıq nümayiş etdirməkdir. Tədbirdə Əli Əhmədov çıxış edərək bildirmişdir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini daha da möhkəmləndirmişdir. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilmiş, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Növbəti 5 ildə də Azərbaycanda müsbət dəyişikliklər olacaqdır. Azərbaycan gündən-günə simasını dəyişir, inkişaf edir. Biz bunu dağlıq ərazidə yerləşən Yardımlı rayonunun timsalında aydın görürük.
Görüşdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrasından danışdı, həyata keçirilən tədbirlərdə YAP üzvlərinin xüsusi fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırdı. Çıxışda bildirmişdir ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə razılıq verilməsi, ölkəmizin ilk süni peykinin orbitə çıxarılması İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.