Yardımlıda “Zəfər Günü” nə həsr edilmiş təntənəli tədbir keçirilib
Yardımlıda 8 Noyabr “Zəfər Günü” münasibətilə bayram tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin adlarını əbədiləşdirmək məqsədilə salınmış Şəhidlər Xiyabanını ziyarət edib önünə gül dəstələri düzüblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, bir çağırışla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə isə can sağlığı arzulamışdır.
Şəhid atası Ədalət Qarayev, Əlikömək Sahratov, şəhid övladı Taleh Səfərov çıxış edərək, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından danışıblar. Onlar, dövlət tərəfindən şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.