Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş genişləndirilmiş şura yığıncağı keçirildi.

24 aprel 2013 | 15:00

23 aprel 2013-cü il tarixdə saat 11:30-da  2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş genişləndirilmiş şura yığıncağı keçirildi.Tədbirə giriş sözlə başlayan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov bildirdi ki, 2013-cü ilin I rübündə rayonda  tikinti-abadlıq-quruculuq işləri sürətlə həyata keçirilmişdir. Şəhərin girişindən başlayaraq uzunluğu 4 km olan yolun hər iki istiqamətində müasir zövqə uyğun istinad divarları  hörülmüş, həmin istiqamətdə yollar genişləndirilmiş,  piyada səkiləri tikilmiş, küçə işıqları quraşdırılmışdir. Hazırda işlər davam etdirilir.  Eləcə də, şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, küçə işıqlarının quraşdırılması həyata keçirilmişdir.
Daxili imkanlar hesabına inşa olunan YAP Yardımlı rayon təşkilatının inzibati binasında  son tamamlama işləri aparılır. Rayon Polis şöbəsi üçün tikilən inzibati binada tikinti işləri davam etdirilir. Rayon Statistika idarəsinin inzibati binası açılışa hazırdır. Mədəniyyət və istirahət parkındakı fəvvarə müasir zövqə uyğun olaraq yenidən qurulur. Şəhidlər xiyabanı abidə kompleksi əsaslı təmir olunmuşdur.  Hazırda,  1 ha sahədə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz və parkın tikintisində son tamamlama işləri aparılır.  Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində 100 metrə yaxın yolun uçmuş hissəsi tez bir zamanda bərpa olunmuşdur.
Bildiyiniz kimi, 7 yanvar 2013-cü il tarixdə Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Yardımlı Rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılmışdır. Əlbəttə ki, bu vəsait hesabına Yardımlı şəhəri və digər yaşayış məntəqələrində küçə yolları təmir olunacaq, küçə işıqları və piyada səkiləri quraşdırılacaq, istinad divarları hörüləcəkdir.
Rayonda idamanın kompleks inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları müasir Olimpiya idman kompleksi və “Gənclər evi”nin tikintisi üçün sərəncam vermiş, layihələndirmə işləri rayon icra hakimiyyəti ilə razılaşdırılmışdır.  Tikintisinə yaxın vaxtlarda başlanılacaqdır.
Yardımlı şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün şəhərə su və kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının  təmini məqsədilə “Sineyir” adlanan ərazidən  həmin kəndlərə işməli su çəkilişi məsələsi “Azərsu” ASC qarşısında qaldırılmış, layihələndirmə işləri aparılmış və tikintiyə başlanılacaqdır. 
   Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə  rayon elektrik şəbəkəsi Yeni\Yardımlı, Ərus və Sığnə  yarımstansiyalarında və onlardan  qidalanan xətlərdə təmir işləri aparmışdır. Rüb ərzində Elektrik şəbəkəsinin kollektivi rayon icra hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişləri vaxtında icra etmiş, şəhərin abadlıq işlərinə maneçilik yaradan  elektrik dirəkləri dəyişdirilmişdir. Şəbəkədə yaradılmış növbətçilik əsasında xətlərdə baş vermiş qəzalar vaxtında aradan qaldırılmışdır.
2013-cü ilin I rübü rayonumuzda təbii qaz abonentlərinin sayının artması ilə müşayət olundu. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə təbii qaz verildi ki, bununla da təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1554, qeyri-əhali sektoru üzrə 14-ə çatdırıldı. Hazırda, Yardımlı şəhərinin Ünəç küçəsində qazlaşma işləri davam etdirilir.
Rayonda yolların təmiri, yeni yolların salınması daim rayon icra hakimiyyətinin nəzarətində saxlanılmış və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, uzunluğu 3 km olan Ostayir yolu, tamamilə torpaq örtüklü və uzunluğu 1 km olan Əfçədulan yolu çınqıl örtüklə təmir olunmuş, Bozayran-Bürzünbül kəndləri arasında mövcud suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam bərpa edilmiş  və əhalinin rahat gəliş- gedişi təmin olunmuşdur.
Uzun illər Sırıq və Horavar kəndləri arasında  Viləş çayı üzərində körpünün tikintisi nəzərdə tutulsa da, körpünün quraşdırılması hazıra kimi mümkün  olmamışdı. Lakin, daxili imkanlar hesabına artıq körpünün tikintisinə başlanılmış, 30 ton yük götürmə qabiliyyəti olan bu körpü yaxın vaxtlarda istifadəyə veriləcək, bununla da 10 kəndin körpü problemi birdəfəlik həll olunacaqdır.
Bildiyiniz kimi, Ölkə Prezidenti Möhtərəm İlham Əliyev cənablarının 21 fevral 2013-cü il tarixli sərəncamı ilə 13  min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat  fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq              5 milyon manat vəsait ayrılmışdır. Bu sərəncam rayonumuzun bütün sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır. Hazırda yolun tikintisinə başlanmışdır. 2013-cü ilin I  rübündə rayon üzrə 16,7 milyon manatlıq  ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 % çoxdur.  Adambaşına düşən məhsul istehsalı  2003-cü ilin müvafiq dövrü ilə müqayisədə  2,9 dəfə artaraq  271 manat olmuşdur.  Bu müddətdə  179 min manatlıq sənaye,   4 milyon 321 min  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə  10 milyon 400 min  manatlıq ticarət, 280  min  manatlıq nəqliyyat, 47 min 800 manatlıq rabitə xidməti göstərilmişdir. Rayonun büdcəsi hesabına 1 milyon 470 min manatlıq tikinti işləri  həyata keçirilmişdir.  
2013-cü ildə rayonun büdcəsi 13 milyon 82 min  manat müəyyən edilmişdir ki, bu da 2003-cü illə müqayisədə  5  dəfə artıqdır. Büdcənin   xərcləri 2 milyon 431 min manata qarşı, 2 milyon 962 min manat icra olunmuşdur ki, bu da proqnozun 121% yerinə yetirilməsi deməkdir. Bu müddət ərzində rayon üzrə orta aylıq əmək haqqı     269,3 manat olmuşdur. Rayon üzrə  əsas kapitala yönəldilən investisiyaların  həcmi  2 milyon 280 min  manat təşkil etmişdir.
Natiq məruzədə 2013-cü ilin sonrakı aylarında rayonun sosial-iqtisadi sahəsində qarşıda duran həlli vacib məsələləri diqqətə çatdırdı.
Məruzə ətrafında rayon Maliyyə idarəsinin rəisi Malik Abişov , Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Fəxrəddin Əkbərov, Rayon telekommunikasiya qovşağının rəhbəri İqbal Ağayev, Gənclər və İdman idarəsinin müdiri Anar Alışov  çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.

Keçidlər