“2 fevral – Gənclər Günü” ilə bağlı Yardımlı rayon İdman Kompleksində gənclərlə görüş keçirildi.
RİH başçısının müavini Əfsanə Məmmədova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlamış və gəncləri “2 fevral-Gənclər Günü” münasibəti ilə təbrik etmişdir. O, bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti prezident möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Daha sonra Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev çıxış edərək bildirmişdir ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, bu gün dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü gənclərimiz formalaşmışdır. Həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılmasında gənclərin rolundan və göstərdikləri şücaətdən bəhs edən E.Fətəliyev gənclərin dövlət və milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında milli-mənəvi dəyərlərin təbliğinin, gənclərin vətənpərvər ruhda yetişməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrin yüksək əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.