Yardımlıda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Yardımlı rayonunun Avaş kənd tam orta məktəbində Yardımlı Rayon İcra Hakimiyyətinin,Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının otuzuncu ildönümü ilə əlaqədar tədbiri keçirildi.
Tədbirdə ilk öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda erməni millətçiləri tərəfindən illərlə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti haqqında danışılıb, Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb və “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası haqqında ətraflı məlumat verilərək gənclərin sosial şəbəkələrdə bu kampaniyada aktif şəkildə iştirak etmələri bildirilib.
Çıxış edənlər bununla bərabər Dövlətimizin başçısı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etməsindən və işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışıblar.
Sonda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Xocalı bir millətin kədəri” sənədli filmi nümayiş etdirilmişdir.