Əkin sahələrinə aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması ilə bağlı fermerlərlə görüş keçirilib.
Yardımlı rayonunda əkin sahələrinə aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması ilə bağlı fermerlərlə görüş keçirilib. Yardımlı Rayon İcra Hakimiyyətində təşkil olunan görüşdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev, rayon icra hakimiyyəti başçısının I müavini Azər Xamiyev, əlaqədar qurumların rəhbərləri və fermerlər iştirak ediblər.
Azər Xamiyev çıxışında ölkəmizdə kənd təsərrüfatı sahələrinin inkişaf və perspektivləri, rayonda əkinçiliyin, o cümlədən taxılçılığın mövcud vəziyyəti, bu sahədə görülən işlər barədə danışaraq, cari ildə 3500 hektar sahədə taxıl əkildiyini diqqətə çatdırıb və belə tədbirlərin keçirilməsinin fermerlərin maarifləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, taxılçılıqda hazırda ən mühüm aqrotexniki qulluq tədbirlərindən biri gübrələmə prosesini başa çatdırmaq, zərərvericilərə qarşı mübarizə aparmaqdır. Alaq otlarına qarşı mübarizənin vaxtında aparılması məhsuldarlığın aşağı düşməsinin qarşısını alır, yekun nəticədə fermer daha bol məhsul əldə edir. Rəfail Quliyev qeyd edib ki, düzgün toxum seçimi, gübrənin sahələrə normativlərə uyğun verilməsi vacibdir və bununla bağlı fermerlər arasında maarifləndirmə işləri il boyu davam edir. Fermerlərlə görüş zamanı taxıl sahələrində mövcud durum, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.