Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”

31 may 2013 | 15:00

2013-cü il mayın 30-da Yardımlı rayon mədəniyyət evində  Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP)  icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Ombudsman Elmira Süleymanova 30 may 2013-cü il tarixdə Yardımlı  rayonunda ictimaiyyət nümayəndələri ilə görüşmüş, dinləmələr keçirmişdir. İctimai dinləmələrdə rayon icra hakimiyyətinin məsul işçiləri, bələdiyyələrin, rayon məhkəmə, prokurorluq və polis şöbəsinin, dairə seçki komissiyasının, habelə yerli ictimaiyyətin, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələri, iştirak etmişlər.
      Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Ombudsmanı salamlayaraq bu ictimai dinləmələrin əhəmiyyətini qeyd etmişdir. O, ölkə Prezidentinin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Yardımlı rayonunda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı barədə Sərəncamına uyğun olaraq Yardımlı  rayon İcra Hakimiyyətinin tədbirlər planı hazırlanmış, icrasını təmin etmək məqsədilə müvafiq qurumlarla birgə şəhər, qəsəbə və kəndlərdə müxtəlif məzmunda tədbirlər keçirilmişdir.
      Tədbirdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması sahəsində islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşmış, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilmiş, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf etmişdir.  Qeyd edilmişdir ki, respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət kəsb edir. Elmira Süleymanova ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını da xüsusi qeyd etmişdir.

Keçidlər