Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
06 may 2025-ci il tarixində Yardımlı rayon Ağsaqqallar şurasının hesabat konfransı keçirilib. Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
RİH-nin inzibati binasında baş tutan tədbirdə əvvəlcə dövlət himni sələndirilib, sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, rayonun inkişafında, ictimai-mədəni həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. RİH başçısı Ulu Öndər Heydər Əliyevin ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığını vurğulayıb. Qeyd edib ki, bu ənənəni layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıbdır. Ayaz Əsgərov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Sonra Yardımlı rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Konfransda çıxış edən digər natiqlər də Yardımlı Rayon Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır.