Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Yardımlıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib.

20 iyun 2024 | 15:45

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yardımlı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, güzəştli şərtlərlə kreditin alınması, sığorta ödənişi, subartezian quyusunun qazılması, subsidiyanın alınmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Agentlik sədri Yardımlı rayon Deman kəndi ərazisində yerləşən müxtəlif kartof sortları əkilmiş sahələrə baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün AXA-nın göstərdiyi xidmətlər barədə məlumat verib.

Keçidlər