Şriftin ölçüsü :

Saytın rəngi :

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan “New Holland TC 5.90 HİLLSIDE” kombaynları ilə Yardımlı rayonunun Ərsilə kəndində taxıl biçini həyata keçirilib.

01 iyul 2022 | 17:25

Bu il Yardımlı rayonunda 3456 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin mütləq əksəriyyəti relyefi çətin ərazilərdə yerləşir. Dağlıq ərazilərdə biçin xüsusi dağ kombaynları vasitəsilə həyata keçirilir. İxtisaslaşmış dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. Tam kompüterləşdirilmiş, innovativ dağ kombaynları yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır.

Ərsilə kəndində biçin prosesi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması yekunda məhsuldarlığa müsbət təsir edir: “Biçindən dərhal sonra yay şumunun aparılması taxıl əkinlərində ilk aqrotexniki tədbirdir. Yay şumu torpağın strukturunu yaxşılaşdırır, alt qatlarda nəmliyin toplanmasını, samanın çürüyərək üzvi gübrəyə çevrilməsini təmin edir. Bundan başqa yay şumu gəmiricilərə qarşı mübarizənin ən yaxşı üsullarından biridir. Dərin şum torpağın altında olan gəmirici yuvalarını dağıdır və səpindən sonra, çıxış dövründə gəmiricilərə qarşı mübarizə aparmaq məcburiyyətini əvvəlcədən aradan qaldırır. Ərsilə kəndinin zəmilərində biçindən sonra xüsusi riper avadanlığının köməyi ilə yay şumu aparılıb, fermerlərə yay şumunun əhəmiyyəti barədə məlumat verilib.  Taxıl biçini davam edir.

Keçidlər