"İnsan təfəkkürünə sığmayan dəhşət"
Fevralın 19-da Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə Xocalı faciəsinin 34-cü il dönümü ilə bağlı "İnsan təfəkkürünə sığmayan dəhşət" adlı dəyirmi masa təşkil olunub.
Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elçin Mirzəyev, Hamarkənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru İlqar Əliyev, Yardımlı şəhər 4 saylı tam orta ümumtəhsil məktəbin direktor müavini Səbuhi Sahratlı və adları qeyd olunan məktəblərin şagirdləri iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının, o cümlədən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə çıxış edənlər 1987-ci ilin sonlarından Ermənistanın Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başlamasından, strateji mövqeyinə görə əsas hədəfdə Xocalının olmasından, 1991-ci ilin oktyabr ayından etibarən dəhşətlər yaşayan bu şəhərin mühasirəyə alınmasından, son nəticə olaraq dinc əhaliyə misli görünməmiş divan tutularaq şəhərin işğal olunmasından söz açıblar. Natiqlər həmçinin faciə şahidlərinin müsahibələrindən olan həqiqətləri, hadisənin dünya mediasında işıqlandırılmasını, ulu öndər Heydər Əliyevin sayəsində faciəyə verilən hüquqi, siyasi qiyməti, Vətən müharibəsi və antiterror tədbirləri ilə ata- baba torpaqlarımızın düşməndən təmizlənməsini, bu gün Azərbaycan bayrağının qürurla Xocalıda və digər ərazilərimizdə dalğalanmasını, ərazi bütövlüyümüzün və suverenliyimizin daimi olması üçün gənclərin üzərinə düşən öhdəlikləri diqqətə çatdırıblar.
Tədbirin sonunda faciədən bəhs edən "Unudulmayan Xocalı" adlı sərgiyə baxış keçirilib və xatirə şəkilləri çəkilib.








