Şriftin ölçüsü :

Saytın rəngi :

“Mədəniyyət kəndlərdə” layihəsi qədim Vərgədüz kəndində.

06 may 2022 | 16:12
Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin daha bir tədbiri reallaşıb. Yardımlı rayonunun qədim və böyük yaşayış kəndlərindən olan, vaxtilə inzibati mərkəz olmuş Vərgədüz kəndində təşkil edilmiş tədbirdə rayon rəhbərliyi, mədəniyyət işçiləri, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Əvvəlcə, yerli mədəniyyət işçilərindən Gündüz Manafov tədbirin keçirildiyi Vərgədüz kəndinin tarixi barədə qısa arayış verib. O, sonra kənd əhalisi arasında bugünədək yaşadılan qədim ənənələr, kəndin tarixi-mədəni abidələri, həmçinin təhsil göstəriciləri və məşğuliyyət sahələri haqda bəhs edib.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxışında layihənin məqsədlərindən danışıb. İdarə rəisi eyni zamanda, mədəniyyət sahəsində aparılan islahatlar, onların əhatə dairəsi və məzmunu, eləcə də bu çərçivədəki mövcud baxışlar və yaxın gözləntilər barədə fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Rəsmi hissədən sonra Yardımlı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən qurulmuş sərgiyə və istedadlı gənclərin əl işlərinə baxış keçirilib. Sərgidə qədim məişət əşyaları, təsərrüfat alətləri, müxtəlif xalq sənətkarlığı sahələrinə aid nümunələr, həmçinin gənclərin rəsm və digər maraqlı əl işləri nümayiş etdirilib.
Daha sonra Yardımlı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Eyni zamanda, konsertdə məktəblilər tərəfindən rəqslər ifa edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yeniyetmə idmançılar isə nümunəvi idman nömrələri göstəriblər.
Tədbirin sonunda tədbirlərdə aktiv iştirak edən mədəniyyət işçiləri və məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.
Məlumat üçün bildirək ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və istedadlı gənclərin aşkar edilərək, dəstəklənməsi məqsədilə keçirilir.
Keçidlər