Sağlam həyat tərzinin təbliğinə dair maarifləndirici tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ümumtəhsil müəssisələrində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-nın müvafiq bəndinin icrası məqsədilə “Vətəndaşların sağlam həyat tərzi, zərərli vərdişlərin cəmiyyətə və insan sağlamlığına göstərdiyi mənfi təsirlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək ölkəmizdə əhalinin sağlamlığının qorunması və gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığını bildirib. Ə.Məmmədova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş 3.3.7.1 bəndinin icrası ilə əlaqədar əhali arasında geniş təbliğat aparılır, əhalinin sıx olduğu məkanlarda, o cümlədən iş yerlərində, rayonun ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil edilir. İzah olunur ki, zərərli vərdişlər yalnız sağlamlığa deyil, həm də inkişafa, fəaliyyətə, yaradıcılığa, ətraf mühitə mənfi təsir göstərir”.
Tədbirdə vurğulanıb ki, zərərli vərdişlərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda nəzərə çatdırılıb ki, yaratdığı asılılığa baxmayaraq, zərərli vərdişlərdən xilas olmaq mümkündür və bu, heç vaxt gec deyil.
İştirakçılara RİH tərəfindən hazırlanmış sağlam həyat tərzinə çağırışı özündə əks etdirən bukletlər paylanılıb.
Sonda sağlam həyat tərzi ilə bağlı qısametrajlı film nümayiş olunub.