Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə və qazilərə diqqət və qayğı ilə yanaşılır.

19 sentyabr 2022 | 08:59

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılması ilə bağlı iclas keçirilib. İclasda icra hakimiyyətinin məsul işçiləri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

RİH başçısı Ayaz Əsgərov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Ayaz Əsgərov qeyd edib ki, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Yardımlı rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.

RİH başçısı Ayaz Əsgərov sonda bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, yerli qurumlara müraciət edən şəhid ailələri, müharibə iştirakçıları və əlilləri dərhal qəbul edilməli, qaldırdıqları məsələlər operativ qaydada araşdırılaraq, qanunamüvafiq tədbir görülməlidir.

Keçidlər