Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlər operativ həll olunur

17 noyabr 2026 | 10:34

Vətəndaşların müraciətlərinə yerində baxılması və sosial-məişət problemlərinin vaxtında aradan qaldırılması məqsədilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov tərəfindən keçirilən səyyar qəbullar öz müsbət nəticələrini verməkdə davam edir.

Keçirilən növbəti səyyar qəbul zamanı sakinlər elektrik təsərrüfatı və yol infrastrukturu ilə bağlı məsələlərə toxunaraq, xətlərdə yarana biləcək qısaqapanma və qəza risklərinin qarşısının alınması üçün 0.4 kV-luq hava xətlərinin mühafizə zonasına düşən ağacların budanmasını, istismar müddətini başa vurmuş dirəklərin yenilənməsini və kənd yollarının təmir olunmasını xahiş etmişlər.

Müraciətlərin vacibliyi nəzərə alınaraq RİH başçısı Orxan Məmmədovun tapşırığına əsasən aidiyyəti xidmət sahələrinin əməkdaşları və xüsusi texnikalar dərhal əraziyə cəlb olunmuşdur. Texniki təhlükəsizlik qaydalarına tam riayət edilməklə, hava elektrik verilişi xətlərinə toxunan və qəza təhlükəsi yaradan ağac budaqları budanmış, habelə qəzalı vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəz edilmişdir. Eyni zamanda, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə kənd yolları xüsusi texnika ilə hamarlanaraq çınqıllanmışdır.

Qeyd edirik ki, vətəndaş məmnunluğunun artırılması və sakinləri narahat edən məsələlərin yerindəcə həlli məqsədilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədovun sakinlərlə səyyar görüşləri mütəmadi olaraq davam etdirilir və qaldırılan bütün müraciətlər ciddi nəzarətdə saxlanılır.

Keçidlər