Vətən müharibəsi şəhidinin xatirəsi anılıb.
Oktyabrın 23-də Vətən müharibəsi Şəhidi Valeh Məmiyevin əziz xatirəsi ehtiramla anılıb. Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarı üstünə çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Vətən övladlarının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Valeh Məmiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur