Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə xalqımıza Qələbə sevinci bəxş edən və bu yolda canından keçən Yardımlının qəhrəman Vətən oğullarından şəhid Cavid Zeynalovun, Elçin Əliyevin, Elmir Məmiyevin, Amal Qarayevin və Əli Rzalının əziz xatirəsi ehtiramla anılıb. Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarı üstünə çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxışında Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu, xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini qeyd etmişdir. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı Ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cavid Zeynalov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Elçin Əliyev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.
Amal Qarayev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən Uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur.
Elmir Məmiyev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Əli Rzalı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən Uğrunda”, “Şücaətə görə”, “Cəsur Döyüşçü” “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur.