YAP-ın yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Miramil Səmədli müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. Vurğulayıb ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.
YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov çıxışında bildirib ki, partiya bu il 33 illik fəaliyyətini qeyd edir. O vurğulayıb ki, YAP üzvləri bu müddət ərzində Azərbaycan xalqına xidmət, şərəf və fədakarlıq nümunəsi göstəriblər. A.Alışov qeyd edib ki, YAP yalnız siyasi təşkilat deyil, müstəqil Azərbaycanın dövlətçilik fəlsəfəsinin, siyasi sabitliyinin və strateji inkişaf xəttinin formalaşmasında mühüm rol oynayan bir qüvvədir.
Çıxış edənlər ölkəmizdə qazanılan uğurlardan, həmçinin ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının mənəvi dəyərlərə və dövlət mənafelərinə əsaslanan fəaliyyətindən bəhs ediblər.
Sonda YAP Yardımlı rayon təşkilatı tərəfindən bir qrup şəxs “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif olunub. Partiyaya yeni qəbul edilən üzvlərə vəsiqələr təqdim olunub.
.








