Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Sırıq kəndində səyyar qəbul keçirib.
Sırıq kənd klubunda keçirilən səyyar görüşdə RİH başçısı, müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə Ayaz Əsgərov əvvəlcə Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Yardımlı rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Daha sonra cənab Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verib, sakinləri maraqlandıran məsələlər müzakirə olunub, müraciətlər cavablandırılıb, həlli rayon səviyyəsində mümkün olmayan müraciətlər nəzarətə götürülərək aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb. Qəbul zamanı vətəndaşlar tərəfindən, rabitə xətt təsərrüfatının yenilənməsi, içməli su xəttinin çəkilməsi, yeni məktəb binasının tikilməsi və digər məsələlər qaldırılmışdır. Kənd sakinləri ölkəmizdə və eləcə də rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.